00:00:00
Yazar
Zəhra Həsənova
29.04.2026 21:12 20 2 dəq oxuma
Sosial

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir".

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında təhsil eksperti Vüsət Əzizov  bildirib ki, Direktorların daha çox yüksək nəticə göstərən müəllimlər arasından seçilməsi Azərbaycanın təhsil idarəetməsində artıq tətbiq olunan imtahan və mərkəzləşdirilmiş seçim mexanizmlərinin məntiqi davamı kimi qiymətləndirilə bilər:

 

“Hazırda direktorların seçimi test imtahanı, müsahibə və mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Bu prosesdə şəffaflığın artırılması əsas prioritet kimi çıxış edir. Yüksək bal toplayan müəllimlərə üstünlük verilməsi prinsip etibarilə şəffaflığın gücləndirilməsinə yönəlib. Çünki imtahan balı əsas meyara çevrilir və müəllimlərin sertifikasiya və imtahan nəticələri rəqəmsal şəkildə qeydə alınır. Eyni zamanda seçim prosesi mərkəzləşdirilmiş və mərhələli şəkildə aparılır. Lakin şəffaflıq yalnız bal meyarı ilə ölçülməməlidir; müsahibə mərhələsinin obyektivliyi, idarəetmə bacarıqlarının düzgün qiymətləndirilməsi və nəticələrin açıq şəkildə təqdim olunması da vacibdir. Əgər sistem yalnız yüksək bal toplamış müəllimin avtomatik olaraq yaxşı direktor olacağı yanaşmasına əsaslanarsa, bu formal şəffaflıq yarada bilər, lakin idarəetmə keyfiyyətini tam təmin etməz. Digər vacib məqam isə region müəllimləri üçün əlçatanlıq və ədalətlilik prinsipidir. Mərkəzləşdirilmiş imtahan sistemi region və paytaxt arasındakı fərqi müəyyən qədər azalda bilər, çünki bütün namizədlər eyni şərtlər və qaydalar əsasında yarışırlar. Bu, yüksək nəticə göstərən region müəllimlərinə də direktor olmaq imkanı yaradır. Bununla belə, region müəllimlərinin hazırlıq resurslarına çıxış imkanları daha məhdud ola bilər”.


Təhsil eksperinin sözlərinə görə, təlimlər, kurslar və peşəkar inkişaf imkanlarının əsasən böyük şəhərlərdə cəmlənməsi, eləcə də infrastruktur və tədris şəraitindəki fərqlər nəticələrə təsir göstərə və rəqabət mühitinə öz təsirini edə bilər:

 

“Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, bir çox ölkələrdə məktəb direktorlarının seçimi yalnız test nəticələrinə əsaslanmır. Məsələn, ABŞ və Böyük Britaniyada liderlik proqramları, iş təcrübəsi, müsahibələr və performans qiymətləndirilməsi əsas rol oynayır. Finlandiyada isə pedaqoji təcrübə ilə yanaşı, magistr səviyyəsində təhsil və idarəetmə hazırlığına xüsusi önəm verilir. Sinqapurda isə müəllimlər əvvəlcədən liderlik proqramlarına seçilir, onların karyerası uzunmüddətli şəkildə izlənilir və bundan sonra rəhbər vəzifələrə təyinat həyata keçirilir. Azərbaycanda da beynəlxalq təcrübədə özünü doğrultmuş modellərin tətbiqi və ya uyğunlaşdırılması istiqamətində addımlar atılır. Tətbiq edilən yeniliklər təhsil sisteminin daha şəffaf və effektiv fəaliyyət göstərməsinə xidmət edir. Lakin bu cür imtahanlar təkbaşına sistemi təkmilləşdirmək üçün kifayət deyil. Sistemli nəticə əldə etmək üçün direktorlar üçün xüsusi təlim proqramlarının təşkili, onların fəaliyyətinin davamlı qiymətləndirilməsi və məktəblərə real idarəetmə səlahiyyətlərinin verilməsi vacibdir. Ümid edirik ki, tətbiq olunan və gələcəkdə tətbiq ediləcək bu sistemlər ölkənin təhsil sisteminə mühüm töhfə verəcək”.


Selcan Xudiyeva

#biləcək #gündəm #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər