Azərbaycanda cinayətlər niyə artır?
“Cinayət demək olar ki, bir növ davranış kimi qiymətləndirilir. Cinayət hadisəsinin baş verməsini 1-2 amillə əlaqələndirmək isə mümkün deyil. Bu hadisə ilə əlaqədar, cəmiyyətdə çox ciddi məlumatlar toplanmalı, təhlillər aparılmalıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu söyləyib. Sosioloq deyir ki, hazırda cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır.
“Məsləhət görərdim ki, bu halda cəmiyyət elmi mərkəzlərin nəzarəti altında olmalı, baş verən hadisələr təhlil edilməlidir”.
Əhməd Qəşəmoğlu qeyd edib ki, insanların davranışlarının formalaşmasında 4 amil mühüm rol oynayır.
“İnsan davranışında ən önəmli faktor, onun öz fitrətidir. Yəni, genlərindən gələn faktorlar, ana bətnindən aldığı emosiyalar, 6 yaşına qədər formalaşan təlim-tərbiyəsi. İnsan görəndə ki, ətrafında cinayət halları çoxdur, bu hal onda adiləşir. Cinayətlərin çoxalması, başqalarını da buna qarşı həvəsləndirir”.
Sosioloq düşünür ki, insanlar öncədən xeyli bədii kitablar oxuyardı.
“Bu kitablarda isə mənəvi dəyərlər, cinayətkarlığın əleyhinə dair hallar təbliğ olunardı. Amma indi çox az adam deyə bilərik ki, o, bədio kitab oxusun. İndi baxırsan ki, ədəbiyyatların da, kinoların da, informasiyaların da mövzusu vorzakonlar və lotuların həyatı ilə bağlıdır. Sovet dövründə bizə məktəblərdə mənəviyyat, əxlaq haqqında müəyyən tövsiyyələr olunardı, bu istiqamətdə işlər görülərdi. O vaxt deyərdilər ki, sovet adamısan, gərək mədəni, mənəviyyatlı olasan. İndi nə deyək? Biz indi deməliyik ki, Azərbaycan övladı belə olmalıdır, elə olmalıdır”.
Əhməd Qəşəmoğlunun fikrincə, biz öz maarifləndirmə sistemimizi qurmalıyıq.
“Amma təəssüf ki, hazırda təhsildə bunların heç biri təbliğ olunmur. İnsanların daha yaxşı oxumaq, yaxşı peşə əldə etmək istəyi bir başqa aləmdir. olmalıdır. Yeyib-içən, pullu, vurub-döyməklə bağlı təsəvvürləri də bir başqadır. Mühitin özündə də kriminal vəziyyətləri yaradan hadisələr var. Buna psixoloji, iqtisadi vəziyyət də təsir edir. Bunlar dərindən təhlil olunmalı, cinayətlərin baş vermə istiqamətində fəaliyyət proqramları hazırlanmalıdır”.
Aydan İsayeva
