00:00:00
Yazar
Admin User
22.01.2026 15:24 149 4 dəq oxuma
Sosial

Azərbaycanda distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək

Azərbaycanda distant təhsilə keçid mərhələli şəkildə həyata keçiriləcək

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, Lənkəran-Astara regionunda bir neçə məktəbdə distant təhsil pilot layihə kimi sınaqdan keçirilib və nəticələr qənaətbəxş olub. Ölkədaxili miqrasiya səbəbindən bəzi bölgələrdə məktəblər dolur, digərlərində isə şagird sayı azalır. Bu səbəbdən yuxarı siniflərdə biologiya, kimya, tarix kimi fənlər üzrə şagirdlər distant formada bir sinifdə birləşdirilərək tədrisə cəlb olunur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ümumiyyətlə, bu model nəzəri baxımdan rasional, lakin Azərbaycan reallıqlarında yalnız müəyyən şərtlər daxilində məhdud effektiv ola bilər:

 

“Burada məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır. Əvvəla, modelin potensial üstünlüklərindən danışsaq, bu, müəllim çatışmazlığının qısamüddətli həlli deməkdir. Xüsusilə fizika, riyaziyyat, informatika, xarici dillər kimi fənlər üzrə bölgələrdə kəskin müəllim qıtlığı var. Mərkəz məktəblər vasitəsilə güclü müəllimlərin daha çox şagirdə çıxış imkanı mümkündür. Həmçinin keyfiyyət fərqinin azalması ehtimalı məsələsi var. Əgər mərkəz məktəblərə doğrudan da yüksək ixtisaslı müəllimlər dərs keçərsə, bəzi ucqar məktəblərdə keyfiyyət artımı ola bilər. Resursların mərkəzləşdirilməsi məsələsinə gəldikdə isə dərslik, təqdimat, rəqəmsal materiallar vahid standartla hazırlana bilər. Bu, sistemlik baxımından müsbətdir. Həm də burada müəllim çatışmazlığı aradan qaldırılır ki, bu da istər-istəməz şagirdlərin həmin fənlərdən axsamasının və yaxud başqa fənn müəlliminin o fənləri tədris etməsinin qarşısını ala bilər. Amma ölkəmizdə burada müəyyən riskləri də nəzərə almalıyıq. İnfrastruktur problemi var. Düzdür, deyilir ki, şagirdlər internetlə və ümumiyyətlə resurslarla təmin olunacaq. Amma yenə də düşünürəm ki, regionların əhəmiyyətli hissəsində sabit internet yoxdur. Elektrik kəsintiləri hələ də problemdir. Bu, müəmmalıdır. Təhsil naziri işıq yanmırsa, buna nə edə bilər ki? Bir çox məktəblərdə texniki avadanlıqlar-kamera, mikrofon, ekran-ya yoxdur, ya da keyfiyyətsizdir. Gərək bu resurslar söz üzərində yox, reallıqda təmin olunsun. Bir müsbət nüans odur ki, uşaqlar məktəbdə oturub dərsə qoşulacaqlar. Düşünürəm ki, məktəbdə işıq kəsintisi olsa belə, digər alternativ vasitələr yəqin ki, olacaq.

 

Şagirdlərin yaş xüsusiyyəti məsələsi də var. Distant təhsil ibtidai və hətta 5-ci, 8-ci sinif şagirdləri üçün pedaqoji cəhətdən zəif görünür. Diqqət, motivasiya və intizam problemlərini nəzərə alsaq, bu model daha uğurlu əsasən yuxarı siniflərdə 9 və 11-ci siniflərdə ola bilər. Nəzarət məsələsi də var. Şagirdlərin dərsi anlayıb-anlamadığını izləmək burada bir qədər çətinlik yarada bilər. Valideyn dəstəyi olmayan ailələrdə nəticə daha zəif ola bilər. Formal iştirak real bilik yoxluğu riskini yaradır. Sosial bərabərsizlik riski də mövcuddur.

 

Ümumiyyətlə, mən düşünürəm ki, bu model problemin səbəbini deyil, nəticəni hədəfləyir. Müəllim çatışmazlığının əsas səbəbləri aşağı əməkhaqqı, sosial təminatın zəifliyi, bölgələrdə işləmək motivasiyasının olmaması və müəllim hazırlığında keyfiyyət problemidir. Bu səbəblər dəyişmədən distant model yalnız problemi təxirə sala bilər. Bu modeli bütün azşagirdli və ya müəllim çatışmayan məktəblərə eyni anda tətbiq etmək düzgün olmaz. Pilot layihə kimi həyata keçirmək olar, lakin ölkə üzrə birbaşa tətbiq uyğun deyil. Qısaca desək, bu model tamamilə yanlış deyil, amma universal və əsas həll yolu kimi qəbul edilməməlidir. Uzunmüddətli həll isə distant dərs yox, müəllimlərin bölgələrə getməsini cazibədar edən sistemin qurulmasıdır”.

 

Bu məsələ ilə bağlı müəllim fikrini də öyrəndik. Saytımıza açıqlama verən Azərbaycan dili və ədəbiyyat müəllimi Heydər Soltanov bildirib ki, distant formada dərs keçməyin müəyyən üstünlükləri var:

 

“Məsələn, azşagirdli məktəblərdə müxtəlif bölgələrdən olan şagirdləri bir sinifdə toplamaq mümkündür ki, bu da fənnin tam və sistemli tədrisinə şərait yaradır. Rəqəmsal resurslardan istifadə, təqdimatlar və videolar dərsi daha vizual və maraqlı edə bilir. Amma çətinliklər də az deyil. Şagirdlə canlı ünsiyyət zəifləyir, onların diqqətini dərsdə saxlamaq daha çətin olur. Texniki problemlər internetin zəif olması, avadanlıq çatışmazlığı dərsin keyfiyyətinə təsir göstərə bilər. Həmçinin hər şagirdin dərsi eyni səviyyədə mənimsədiyini anında hiss etmək ənənəvi dərsdə olduğu qədər asan olmur”.

 

Mövzu ilə bağlı valideyn fikrini də öyrəndik. Valideyn Səma Mustafayeva isə bildirib ki, övladının distant təhsil almasına münasibəti bir qədər ikilidir:

 

“Bir tərəfdən azşagirdli məktəbdə keyfiyyətli müəllimlə dərs keçməsi və fənnin tam tədris olunması müsbət haldır. Uzaq bölgədə yaşasaq belə, yaxşı müəllimlərdən dərs almaq imkanı yaranır. Digər tərəfdən isə uşağın ekrana uzun müddət baxması, dərsə diqqətinin yayınması və müəllimlə birbaşa ünsiyyətin azalması məni narahat edir. Xüsusilə yuxarı siniflərdə məsuliyyət böyükdür və valideyn nəzarəti daha çox tələb olunur. Məncə, distant təhsil ənənəvi dərsi tam əvəz etməməli, daha çox alternativ və ya dəstək modeli kimi tətbiq olunmalıdır”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər