00:00:00
Yazar
Admin User
06.01.2026 16:09 70 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda duru bitki yağlarının istehsalı azalıb, marqarin istehsalı artıb

Azərbaycanda duru bitki yağlarının istehsalı azalıb, marqarin istehsalı artıb

Ötən ilin yanvar–noyabr aylarında Azərbaycanda duru bitki yağlarının istehsalında azalma, marqarin istehsalında isə artım qeydə alınıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, Azərbaycanda duru bitki yağları ilə marqarin istehsalı arasında yaranan bu fərqli dinamika həm iqtisadi, həm də qidalanma baxımından bir sıra nəticələr doğura bilər:

 

“Daxili istehsal azaldıqda bazarda iki əsas ssenari yaranır: ya idxaldan asılılıq artır, ya da təklif azalması qiymət artımına səbəb olur. Hər iki halda istehlakçı üçün xərclər yüksələ bilər. Qiymət artımı xüsusilə günəbaxan, qarğıdalı və zeytun yağı kimi yağların istehlakını azalda, istehlakçıları daha ucuz alternativlərə yönəldə bilər. Bu da qida səbətinin keyfiyyətinə dolayısı ilə təsir edir.

 

Marqarin istehsalının artması əsasən onun daha ucuz olması və sənaye üçün əlverişliliyi ilə bağlıdır. Lakin marqarin hidrogenləşdirilmiş yağlar və trans yağ turşuları ehtiva edə bilər ki, bu da ürək-damar xəstəlikləri riskini artırır. Sağlam qidalanma baxımından bu tendensiya risklidir. 

 

Alternativ olaraq, istehsalda trans yağsız marqarinlərin, həmçinin bitki mənşəli, az emal olunmuş yağların təşviqi daha məqsədəuyğun olardı. Qida məhsulları istehsalı ümumilikdə artsa da, yağ sektorunda bu fərqin yaranması xammal çatışmazlığı, idxal olunan toxumların bahalaşması, istehsal xərclərinin artması və istehlak bazarının qiymətə həssaslığı ilə izah oluna bilər. Marqarin isə daha stabil və ucuz xammal hesabına istehsal olunduğundan, istehsalçılar üçün daha cəlbedici görünür.

 

Nəticə olaraq, bu proses iqtisadi baxımdan başadüşülən olsa da, uzunmüddətli perspektivdə əhalinin sağlam qidalanması üçün balanslı və keyfiyyətli yağ istehsalının qorunması vacibdir”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər