Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər
Azərbaycanda rüsumsuz ticarət mağazalarına ("Duty Free") satılan malların əlavə dəyər vergisinə və aksiz vergisinə 0 (sıfır) dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki , güzəştlər rüsumsuz ticarət mağazalarına da şamil olunur:
"Bu sənəddə də qeyd edildiyi kimi, sahibkarlığın inkişafı ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə həyata keçirilir. Bilirsiniz ki, gələn ildən etibarən ölkədə özəl sektorda fiziki şəxslərin aylıq gəlirlərinə tətbiq edilən gəlir vergisi yeddi illik fasilədən sonra bərpa olunacaq. Bu, təbii ki, özəl sektorda həm işəgötürənlər, həm də işçilər üçün müəyyən çətinliklər yarada bilər. Bununla belə, ümumilikdə iqtisadiyyatda qeyri-neft sektorunun dəstəklənməsi üçün stimullaşdırıcı siyasətin həyata keçirilməsi vacibdir və bunun əsas istiqamətlərindən biri vergi yükünün azaldılmasıdır. Həmin güzəştlər rüsumsuz ticarət mağazalarına da şamil olunur. Yəni sadə dillə desək, bu mağazalarda satılan malların vergidən azad edilməsi yerli istehsalın, xüsusilə də qeyri-neft sektoruna aid məhsulların istehsalının genişləndirilməsinə xidmət edir. Bu addım sahibkarlığın inkişafını təşviq etmək məqsədi daşıyır".
Xədicə Məhərrəmli
