“Azərbaycanda kredit və depozit faizləri arasında kifayət qədər fərq var”
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli "İnformator.az"a açıqlamasında bildirib ki, bu endirimin əsas səbəbi makroiqtisadi göstəricilərin müsbət olmasıdır:
"İnflyasiya dərəcəsi nisbətən aşağı düşüb və Mərkəzi Bank sahibkarlığı canlandırmaq, dövriyyədə kreditləri artırmaq üçün uçot dərəcəsini endirib. Bu qərar iqtisadiyyata əlavə töhfə vermək məqsədi daşıyır. Əsas səbəb isə makroiqtisadi sabitliyin möhkəmlənməsidir. Uçot dərəcəsinin azalması ticarət banklarının kredit və depozit faizlərinə də təsir edir. Amma burada başqa məsələ də var: Mərkəzi Bankın təsir mexanizmi çox vaxt məhdud olur. Bir neçə səbəb var: Bəzən Mərkəzi Bankın kifayət qədər resursu olmur və ya resursların dəyəri yüksək olur, qiymətli kağızlar bazarı ölkəmizdə yaxşı inkişaf etməyib. Buna görə də Mərkəzi Bankın qərarlarının təsiri çox güclü hiss olunmur. Bununla belə, uçot dərəcəsində müəyyən azalma baş veribsə, bu artıq müsbət siqnaldır. Kommersiya bankları da buna uyğun olaraq kredit faizlərini aşağı sala bilirlər. Depozitlər üzrə isə ciddi problem gözlənilmir. Çünki Azərbaycanda kredit və depozit faizləri arasında kifayət qədər fərq var. Aşağı faizlər gələcəkdə iqtisadi fəallığa müsbət təsir göstərə bilər. Əlbəttə, bu böyük bir eniş deyil, amma makroiqtisadi sabitlik davam edərsə, faiz endirimləri də ardıcıl şəkildə davam edə bilər. İnkişaf etmiş ölkələrdə faizlərin daha aşağı olması kapital bazarının güclü inkişafı ilə bağlıdır. Bizdə də bu addımlar gələcəkdə həmin istiqamətə doğru irəliləməyə xidmət edir".
Günel Əlili
