“Azərbaycanda əmlak vergisi o qədər də böyük deyil”
Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda əmlak vergisi o qədər də böyük deyil:
“Yəni əmlak vergisinin 75% azalması o deməkdir ki, məsələn, 10 manat verirdisə, indi 2 manat 50 qəpik verəcək. Yəni 100 manat verirdisə, indi 25 manat verəcək. Bu, iş adamları üçün müəyyən güzəştdir. Amma əmlak vergisinin özünün həcmi o qədər böyük deyil. Yəni onların xərclərinin, həmin müəssisələrin xərc kisəsində əmlak vergisi o qədər də böyük həcmdə deyil. Ona görə də onların fəaliyyətində ciddi dəyişikliklər olacaqmı, onlara müsbət təsir edəcəkmi, bu, sual altındadır. Amma hər halda iş adamlarına xeyirdir. İstənilən halda vergi güzəştləri iş adamlarının xeyrinədir. Amma onların göstərdiyi fəaliyyət növü üzrə qiymət dəyişiklikləri olacaqmı, məsələn, təhsil və tibb müəssisəsi bu güzəştlərə görə qiymətlərə təsir edəcəkmi-məncə, yox”.
Aytac İbrahimova
