00:00:00
Yazar
Admin User
17.11.2025 19:01 139 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda pambıq mahlıcı istehsalı 33%-ə yaxın artıb

Azərbaycanda pambıq mahlıcı istehsalı 33%-ə yaxın artıb

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanda 55,96 min ton pambıq mahlıcı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,7% çoxdur. Bu il noyabrın 1-nə ölkədə 15,94 min ton hazır məhsul ehtiyatı mövcuddur. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 73 min ton pambıq mahlıcı istehsal edilmişdi ki, bu da 2023-cü illə müqayisədə 9,9% azdır. Artım ölkədə pambıq emalı sahəsinin güclənməsi və istehsalın effektivliyinin artırılması ilə əlaqələndirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki,birincisi, pambıq istehsalının orta və uzunmüddətli dövrdə nə qədər faydalı olması məsələsidir:

 

"Xüsusilə, 2015-ci ildən sonra formalaşdırılan strategiyada ixracı da əvəz edən məhsulların istehsalına yönəlik bir siyasət ortaya qoyulmuşdu və pambıq istehsalı da bu çərçivəyə daxil idi. Amma nəticədə, bunun heyvandarlığa mənfi təsirlərini müşahidə etdik.

 

Digər ölkələrin təcrübələrinə, xüsusilə İran nümunəsinə baxsaq, görərik ki, pambıq istehsalının artması su resurslarının səmərəsiz istifadəsinə və faydadan çox zərər yaratmasına səbəb olub. Azərbaycanda isə pambığın emalı və son məhsula çevrilməsi üçün güclü sənaye infrastrukturu mövcud deyil. Belə olan halda pambığın xammal kimi ixracı əlavə dəyər baxımından şübhə doğurur. Mən düşünmürəm ki, Azərbaycan pambıq istehsalına bu qədər fokuslanmalıdır. Bu sahədə ciddi qiymətləndirmə aparmamışam, amma bir çox cavabsız sual var. Beynəlxalq təcrübə göstərir ki, belə strategiyalar hazırlanarkən resursların daha səmərəli istifadəsi və marjinal fayda ön plana çəkilməlidir.

 

Quraqlıq və iqlim dəyişiklikləri ilə bağlı məhsuldarlıq dəyişkənlik göstərir. İstehsal prosesinin iqlimə uyğunlaşdırılan, dayanıqlı bir modelə əsaslandığını da demək çətindir. Elə 2023-cü ildə məhsuldarlığın kəskin azalması və bunun nəticəsində müəssisələrin ciddi maliyyə itkisi ilə üzləşməsi bunu bir daha sübut edir.

 

Bütün bunlar göstərir ki, pambıqçılıq sahəsi hava şəraitindən çox asılı, riskli və dayanıqsız sahədir. Bu səbəbdən də mən bu sahəyə daha skeptik yanaşıram və düşünürəm ki, ətraflı təhlil və diaqnostika aparıldıqdan sonra bu sahəyə dair siyasət ya təkmilləşdirilməli, ya da alternativ sahələrə yönəlmək daha məqsədəuyğun olar".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər