Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Mövzu ilə bağlı iqtisadi resursların öyrənilməsi mərkəzinin sədri Ruslan Atakişiyev "İnformator.az"a açıqlamasında bildirib ki, ticarət dövriyyəsi artımlı olmalıdır:
"Ölkə iqtisadiyyatında qeyri-neft sektorunda ticarət daha çox paya malikdir. Təbii ki, bu ticarət dövriyyəsinin artımında inflyasiya faktoru ola bilər, amma elektron ticarət kimi məsələlərə artıq sahibkarlıq subyektlərinin marağı daha çox artır. Ticarət dövriyyəsinin kapitala təsirinə gəlincə, bu birbaşa və sadə şəkildə qiymətləndirilə bilməz. Kapital dövriyyəsinin strukturu və onun hansı hissəsinin rəsmi qeydiyyatdan keçdiyi burada əsas rol oynayır. Əgər ticarət dövriyyəsi tam şəkildə rəsmi kanallar vasitəsilə həyata keçirilirsə, bu dövlət büdcəsinə daxilolmaların artmasına, eyni zamanda iqtisadi sistemin şəffaflaşmasına səbəb ola bilər. Bu da öz növbəsində kapitalın dövriyyəsində müsbət təsir yarada bilər".
Günel Əlili
