Azərbaycanda problemli kreditlərin həcmi 10 % artıb
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, oktyabrın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 528,1 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 %, ilin əvvəlinə nisbətən isə 17,6 % artıb. Ümumi kredit portfelində problemli kreditlərin payı 1,7 % təşkil edir və bu göstərici son aylarda dəyişməyib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında qeyd edib ki, ümumilikdə iqtisadi böhran dövrlərində bu, problemli kreditlərin sayını artırır:
“Mərkəzi Bank son vaxtlar bu istiqamətdə müəyyən tədbirlər həyata keçirib. Amma buna baxmayaraq, problemli kreditlərin sayı artır. Eyni zamanda, işsizliyin artması da bu prosesə təsir edir. Dünya təcrübəsi göstərir ki, belə hallarda problemli kreditlərin həcmi artır. Ölkə daxilində, məsələn, bazarda qeyri-sabitlik yaranır, rəsmi işsizlik faizi eyni qalsa da, bəzi insanlar işdən çıxarılır. Əsas səbəblər bunlardır.Xüsusən bu suala daha dəqiq cavab vermək üçün problemli kreditlərin strukturuna da baxmaq lazımdır. Banklar daha çox gəlirli sahələrə fokuslanmalıdırlar. Eyni zamanda, Azərbaycanda kredit faiz dərəcələri çox yüksəkdir. Banklar öz daxilində şərtlərini sərtləşdirməli, daha gəlirli sektorlara fokuslanmalı və prosedurlara nəzarəti gücləndirməlidirlər.Mərkəzi Bankın əsas vəzifələrindən biri maliyyə sabitliyini qorumaqdır. Məsələn, ilk növbədə o, iqtisadi tənəzzülün qarşısını almalıdır. Mərkəzi Bank kredit mütəxəssislərinin sui-istifadələrinin qarşısını almaq üçün müəyyən prosedurlar qəbul edə bilər və kredit müraciətlərinin daha yaxşı təhlil edilməsini, eləcə də bankların daha gəlirli sahələrə fokuslanmasını tələb edə bilər”.
Mələk Hüseynova
