Azərbaycanda qiymət artımları və əhalinin alıcılıq qabiliyyəti
Son aylarda Azərbaycanda bir sıra əsas istehlak məhsulları və xidmətlərin qiymətində artımlar qeydə alınır. Xüsusilə ərzaq məhsulları, nəqliyyat, kommunal xərclər və kirayə haqlarındakı bahalaşma əhalinin gündəlik xərclərinin artmasına səbəb olub. Bu proses vətəndaşların alıcılıq qabiliyyətinə birbaşa və ciddi təsir göstərir.
Alıcı Leyla Cəfərova “İnformator.az”a bildirir ki, son aylarda qiymət artımları ailə büdcəsində açıq şəkildə hiss olunur:
“Əvvəllər eyni məbləğlə daha çox alış-veriş etmək mümkün idi. İndi isə gündəlik ərzaq məhsullarına xərclədiyimiz pul xeyli artıb. Kommunal ödənişlər, nəqliyyat, bazarlıq - hamısı əlavə yükdür. Ayın sonuna doğru büdcəni çatdırmaq çətin olur. Qiymətlərə nəzarət gücləndirilməli, xüsusilə əsas ərzaq məhsullarında bahalaşmaya yol verilməməlidir. Eyni zamanda, yerli istehsal artırılsa, düşünürəm ki, qiymətlər də nisbətən aşağı düşə bilər”.
Həmçinin mövzu ilə bağlı Məryəm Quliyeva deyir ki, qiymət artımları onun ailəsinin yaşam tərzini dəyişməyə vadar edib. Onun sözlərinə görə, əvvəl prioritet olmayan xərclər indi tamamilə ixtisar olunur:
“İndi alış-verişə çıxanda əvvəlki kimi rahat davranmırıq. Hansı məhsul daha vacibdir, hansından imtina etmək olar hamısını ölçüb-biçirik. Qiymətlər ailə büdcəmizi xeyli sıxıb. Əvvəllər yığıma pul qalırdısa, indi demək olar ki, mümkün deyil. Düşünürəm ki, əsas problem gəlirlə qiymət arasındakı uyğunsuzluqdur. Əgər əməkhaqları və sosial ödənişlər real qiymət artımına uyğunlaşdırılsa, insanlar bu qədər çətinlik çəkməz”.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, inflyasiya əhalinin real gəlirlərini azaldaraq alıcılıq qabiliyyətini zəiflədir. Qiymətlər artdığı halda, əhalinin gəlirləri inflyasiya tempinə uyğun yüksəlmir ki, bu da yoxsullaşma riskini artırır:
“Qiymətlər artır, amma əhalinin real gəlirləri inflyasiyaya uyğun şəkildə artmır. Nəticədə insanlar əvvəlki gəlirlə daha az məhsul və xidmət ala bilirlər. Bu, birbaşa yoxsullaşmaya aparan prosesdir. Qiymət artımlarında təkcə xarici iqtisadi amillər rol oynamır. Onun fikrincə, daxili faktorlar da az əhəmiyyət kəsb etmir. Ölkədə sahibkarlıq və biznes mühiti yetərincə əlverişli olmadığı üçün yerli istehsal zəif inkişaf edir. Yerli istehsal olmadığı üçün biz bir çox məhsulları xaricdən almağa məcbur qalırıq. Bu isə xarici bazarlardakı qiymət dəyişikliklərinin birbaşa daxili bazara ötürülməsinə səbəb olur. Dövlət iqtisadiyyatın şaxələndirilməsi və yerli istehsalın təşviqi istiqamətində daha ciddi addımlar atmalıdır. Normal biznes mühitinin yaradılması qiymətlərin sabitləşməsinə və idxaldan asılılığın azalmasına kömək edə bilər. Eyni zamanda, iqtisadiyyatın yalnız neft və qaz sektorundan asılı qalmaması vacib şərtlərdən biridir”.
Fatimə Hüseynli
