00:00:00
Yazar
Admin User
08.12.2025 16:44 87 3 dəq oxuma
Sosial

Azərbaycanda səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam verilib

Azərbaycanda səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam verilib

"Dərsliklərin məzmunu nə qədər keyfiyyətli olsa da, əsas müəllimdir". Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, müəllimlərlə bağlı serifikatlaşdırma prosesində, təxminən, 8 minə yaxın müəllimin fəaliyyətinə öz peşəsinə uyğun olmadığına görə xitam verilib:

 

“Onlardan 5500-dən çoxu yuxarı sinif, 1000-dən çoxu isə ibtidai təhsil üzrə müəllimlərdir. Yeni müəllimlərin seçilməsi təhsilin keyfiyyətini birbaşa müəyyən edən ən kritik mərhələlərdən biridir. Dünyada qəbul olunan təcrübə və yerli təhsil ehtiyaclarına əsaslanaraq, ən vacib meyar bir meyarla məhdudlaşmır, lakin onların arasında birinci yerdə duran əsas faktor müəllimin pedaqoji və psixoloji bacarığıdır. Yəni müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq bacarığı daha yaxşıdır, dərs izah etmə, motivasiya və yönləndirmə qabiliyyəti, müxtəlif səviyyədə və fərqli tipdə olan uşaqlara fərdiləşdirilən yanaşma göstərə bilməsi, sinif idarəçiliyi və nizam-intizamı qoruma bacarığı, adaptasiya qabiliyyətini də qeyd etmək olar. Həmçinin Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında kifayət qədər yüksək bal toplayan gənc müəllimlər olur və düşünürəm ki,onlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. Müqaviləsinə xitam verilən müəllimlərin yenidən sistemə qaytarılması xitamların səbəbindən və işdən çıxarılma prosedurunun hüquqi əsaslarından və asılı olaraq dəyişə bilər. Lakin ümumi hüquqi və idarəetmə prinsiplərinə görə bəli, müəyyən hissənin sistemə qayıtması mümkündür. Çünki əgər xitam intizam pozuntusu və ya ağır qayda pozuntusu ilə bağlı deyilsə müqaviləyə xitam bəzən attestasiyadan keçməmək, müvəqqəti müqavilənin bitməsi, iş yeri ixtisarı, dərs yükünün azalması kimi səbəblərə görə verilir. Sertifikasiya imtahanının hər iki cəhdindən zəif nəticə göstərən və müqaviləsinə xitam verilənmüəllimlər hər il təşkil edilən MİQ imtahanında iştirak edərək müvafiq bal toplamaqla yenidən müəllim kimi fəaliyyətinə davam edə bilər. Yəni Elm və Təhsil Nazirliyi həmin müəllimlərin “yenidən müəllim olmaq imkanını” əlindən almır.

 

Əlavə olaraq ekspert bildirib ki, qısa müddətdə müəllim çatışmazlığının yaranmaması üçün addımlar həm operativ, həm də real resurslara uyğun olmalıdır:

 

“Dünyanın fərqli ölkələrinin təcrübəsi və yerli vəziyyət nəzərə alınaraq bir neçə fərqli yollar tətbiq etmək olar. Vakansiya olan məktəblərin yerləşdiyi region üzrə tələblərə cavab verən müəllimlərin siyahısını formalaşdırmaq və ya ehtiyata düşən və ya yüksək bal toplayan, lakin işə qəbul edilməyən namizədləri müvafiq vakansiyalar üzrə yerləşdirmək olar. Eyni məktəbdə dərsi olan müəllimlər arasında əlavə saatların müvəqqəti bölüşdürülməsi də həyata keçirilə bilər. Yaxın ərazilərdə yerləşən məktəblər arasında müəllim resursunun koordinasiyasını edərək müəllim çatışmazlığını müəyyən dərəcədə aradan qaldırmaq olar. Təbii ki, bu addımlar müəyyən dərəcədə boşluqları qısa müddətlik bağlamağa imkan verir. Müvəqqəti olaraq təlimatlara uyğun şəkildə siniflərin yüklülüyünü optimallaşdırmaq da mümkündür. Şagird sayı çox az olan paralel siniflərin təhlükəsizlik və tədris keyfiyyəti nəzərə alınmaqla birləşdirilməsi hazırda bəzi ucqar rayonların kəndlərində də tətbiq edilir. Müəllim çatışmazlığı daha çox ucqar regionlarda müşahidə olunur. Bəzən MİQ-də iştirak edib müvafiq balı toplayan şəxslər bildirir ki, ucqar yerlərdə yerləşən məktəblərdə işləmək çox çətindi, eyni zamanda da əmək haqqı da onları qane etmir.Buna görə də müəllimlər üçün motivasiya artırıcı qısa proqramlar tətbiq etmək olar. Doğrudur Elm və Təhsil Nazirliyi bu məqamlarla bağlı yeni qərarlar qəbul edib,lakin düşünürəm ki, bu həvəsləndirmələr bir az da artırılmalıdır. Məslən əlavə əməkhaqqı, kirayə pulu, yol xərci və s kimi stimullar qısa müddətdə müəllim cəlbini artıra bilər”.

 

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər