00:00:00
Yazar
Admin User
20.11.2025 17:47 147 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif olunub

Azərbaycanda vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif olunub

Milli Məclisdə keçirilən plenar iclasda ölkənin iqtisadi təhlükəsizliyini gücləndirmək üçün vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanması təklif edilib. Təkliflə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. 

 

O bildirib ki, yeni konsepsiya sosial, iqtisadi, maliyyə, enerji, ərzaq və su təhlükəsizliyi sahələrini əhatə etməlidir. Bununla yanaşı, büdcə xərclərinin optimallaşdırılması, səmərəsiz xərclərin müəyyən edilməsi və qiymətləndirmə meyarlarının tətbiqi zəruri hesab olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Elman Sadıqov bildirib ki,Vahid iqtisadi təhlükəsizlik konsepsiyası necə hazırlanacaqsa, ondan çox şey asılıdır:

 

"Amma ümumilikdə bu konsepsiya Azərbaycan iqtisadiyyatına yeni bir yanaşma gətirə bilər. Biz artıq qəbul etməliyik ki, məsələ yalnız resursların qiymətinin aşağı düşməsi deyil, eyni zamanda hasilatın azalmasıdır. Bu, geri dönməz bir prosesdir və biz post-resurs dövrünə qədəm qoyduq.

 

Ona görə də yeni iqtisadi modelə keçid vacib və qaçılmazdır. İqtisadiyyatın strukturu dəyişir, bu artıq hiss olunur. Vahid iqtisadi təhlükəsizlik konsepsiyası da məhz bu yeni reallıqlara uyğun hazırlanmalıdır. Bu model, azalan neft-qaz hasilatı, artan xərclər, inflyasiya kimi faktorları nəzərə alaraq iqtisadi təhlükəsizliyə yenidən baxmağı zəruri edir.Bu çox geniş və dərin mövzudur. Amma qısa desək, bu istiqamətdə görüləcək işlər çoxdur və zəruridir. Büdcə xərclərinin səmərəli idarə olunması maliyyə dayanıqlığını gücləndirə bilər və dövlət resurslarının daha məqsədyönlü istifadəsinə şərait yaradar.

 

Bu, bizim yeganə yolumuzdur. Amma burada konkretləşdirmə vacibdir.Məsələn, süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik kimi sahələrdə inkişaf qaçılmazdır. Əks halda, 5-10 ildən sonra bu sahələrdə geridə qalmaq dövlət təhlükəsizliyi üçün real təhdidə çevrilə bilər. Bu, artıq müharibələrin də texnoloji müstəvidə aparılması ilə bağlıdır. Əlbəttə ki, xidmət sektoru, istehsal, emal kimi sahələrdə də inkişaf vacibdir. Amma bu inkişafı planlaşdırarkən qlobal tendensiyalar, qonşu ölkələrə axan investisiyalar və Azərbaycanın daxili resursları da nəzərə alınmalıdır. Yeni iqtisadi konsepsiya və ya təhlükəsizlik strategiyası hazırlanarkən bütün bu amillər ciddi şəkildə dəyərləndirilməlidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər