Azərbaycanda “Yeni Nəsil Texnologiyalar Mərkəzi” yaradılır
Azərbaycanda innovasiya ekosisteminin genişləndirilməsi məqsədilə “Yeni Nəsil Texnologiyalar Mərkəzi”nin yaradılacağı bildirilib. Yeni qurum rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik və yüksək texnologiyalar üzrə təlim, araşdırma və startap dəstəyi təqdim etməyi hədəfləyir.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, yeni mərkəzin yaradılması innovasiya sektorunda real ehtiyacdan çox struktur təkrarçılığı təsiri yaradır:
“Ölkədə uzun illərdir fəaliyyət göstərən texnoloji inkubasiya mexanizmlərinin qiymətləndirilmədən kənara qoyulduğunu göstərir. Əvvəla, məlum məsələdir ki, Azərbaycanda indi də İnnoland, bir neçə texnopark və biznes inkubatorları var. Bu qurumların illərdir yaradıldığı halda onların effektivliyi barədə ciddi qiymətləndirmə aparılmayıb. Heç kim deməyib ki, bu strukturlar hansı nəticəni verib və nəyə görə gözlənilən funksiyanı yerinə yetirməyib. Belə bir vəziyyətdə yenisini yaratmaq o deməkdir ki, problem kökündə qalan çətinliklər aradan qaldırılmadan sadəcə yeni bir qurum açılır. Bu isə texnologiya sektorunun inkişafına real töhfə deyil, daha çox büdcə vəsaitinin əlavə xərclənməsi deməkdir.Yeni layihənin gənclərin inkişafına təsir edəcəyi iddiası da hazırda çox qeyri-müəyyəndir. Əgər əvvəlki texnoparklar və inkubatorlar gənclərə real imkan yarada bilməyibsə, deməli, problem mexanizmlərdədir. Eyni funksiyanı bir neçə quruma bölmək, əslində, heç birinin tam effekt verməməsi ilə nəticələnir. Bu sanki bir kişinin arabasını çəkmək üçün illərlə eşəkdən istifadə etməsi, sonra eşəyin öldüyünü görüb yenisini almağa gücü çatmadığı halda, başqa bir ölü eşəyi gətirib köhnəsinin yanına bağlamasına bənzəyir. Əgər sistem işləmirəmsə, sistemin özünü dəyişmək lazımdır. Yeni, əlavə bir qurum yaratmaqla yox”.
Həmçinin ekspert əlavə edib ki, yeni yaranacaq mərkəz innovasiya imkanlarını genişləndirməkdən çox, mövcud qurumların funksiyalarının təkrarlanmasına gətirib çıxara bilər:
“Texnoparklar, İnnoland, biznes inkubatorları illərdir mövcuddur. Əgər məqsəd sadəcə mövcud strukturları yan-yana düzməkdirsə, bu innovasiyanı gücləndirməyəcək, əksinə, pərakəndəlik yaradacaq. İnnovasiya sektoru planlı şəkildə idarə olunmalıdır, ayrı-ayrı mərkəzlərin çoxluğu ilə yox. Ölkənin innovasiya imkanları artırılacaqsa, bunun yolu əvvəlcə mövcud sistemin işini təmin etməkdən keçir. İnnoland işləmirdisə, işlədilməli idi. Texnoparklar səmərə vermirdisə, onların problemi araşdırılmalı idi. Biznes inkubatorlarının fəaliyyəti zəif idisə, onların konsepsiyası dəyişdirilməli idi. Bunların hamısı kənarda qalıb, sadəcə yeni mərkəz yaratmaqla innovasiya ekosistemi genişlənmir. Bu iqtisadi baxımdan əsaslandırılmış addım deyil və hazırkı şəraitdə daha çox israf təsiri yaradır. Mərkəzin yaradılması əsas sualı ortaya çıxarır: yeni qurum hansı problemi həll edəcək və mövcud strukturların edə bilmədiyi nəyi edə biləcək? Bu sualın cavabı yoxdur. Heç bir konseptual fərq, heç bir real yenilik təqdim olunmayıb. Ona görə də, indiki halda belə bir mərkəzin yaradılması daha çox formal addım təsiri bağışlayır və ölkənin innovasiya sahəsində gözlənilən irəliləyişləri təmin etməyəcək”.
Ayşə Müzəfərli
