Azərbaycandan Çinə bu məhsulların ixracı artırılır
Azərbaycandan Çinə fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki, Çinə fındıq və digər kənd təsərrüfatı məhsullarının ixracının artması strateji baxımdan mühüm addımdır:
“Hazırda Azərbaycan əsasən məhsullarını Rusiya bazarına ixrac edir və bu uzun müddətdir davam edir. Lakin təcrübə göstərir ki, yalnız bir bazardan asılı olmaq risklidir. Bu həm Azərbaycanın öz təcrübəsində, həm də beynəlxalq praktikada açıq şəkildə görünür. Rusiya bizə coğrafi baxımdan yaxın olsa da, bəzi regionlar üçün nəqliyyat və ticarət çətinlikləri yaranır. Buna görə də ixracın şaxələndirilməsi vacibdir. Çin isə çox böyük və perspektivli bazardır. Bu o deməkdir ki, gələcəkdə biz bu bazarı daha dərindən araşdıraraq yeni məhsulların ixracını həyata keçirə, ayrı-ayrı məhsullar üzrə ixtisaslaşa bilərik. Əslində, Azərbaycanda istehsal olunan məhsullara Çin bazarında artıq müəyyən tələbat mövcuddur və bu tələbatı daha da artırmaq mümkündür. Çin bazarına çıxış digər bazarlara yol açmaq baxımından da vacibdir. Burada tələbat yüksəkdir, eyni zamanda rəqabət də güclüdür. Digər tərəfdən, Rusiya bazarının sanksiyalar altında olması Çin bazarını daha cəlbedici edir. Uzun müddətdir ki, Azərbaycanın bir bazardan, xüsusilə də Rusiyadan asılı olması müzakirə olunur. Bu asılılıq müəyyən dövrlərdə həm risklər, həm də iqtisadi problemlər yarada bilər və bəzən siyasi alət kimi də istifadə oluna bilər. Məhz buna görə də hökumət ixracın diversifikasiyası istiqamətində ciddi addımlar atır”.
Həmçinin ekspert qeyd edib ki, dünya bazarının öz tələbləri var:
“Çin bazarında qiymətlərin və tələbatın artması şəraitində bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Hökumət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin yaradılması da mühüm rol oynayır. Azerbaycan ilə Çin arasında siyasi münasibətlərin yaxşılaşması, viza rejimi və ümumi diplomatik əlaqələrin inkişafı ticarət əlaqələrinin genişlənməsinə birbaşa təsir edir. Münasibətlərin dinamik inkişafı ixracın artması üçün əlverişli şərait yaradır. Bu prosesdə logistika məsələsi xüsusi əhəmiyyət daşıyır. Qlobal miqyasda inflyasiyanın səbəblərindən biri də məhz nəqliyyat-logistika xərclərinin artmasıdır. Çinlə Azərbaycan arasında mövcud logistika imkanları daha da təkmilləşdirilməlidir. Xüsusilə Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının gücləndirilməsi vacibdir. Bu dəhliz üzrə Azərbaycanla yanaşı Qazaxıstan, Gürcüstan, Tacikistan və digər ölkələrlə əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir.Eyni zamanda institusional layihələr, yeni texnologiyaların tətbiqi və rəqəmsal platformaların inkişafı ticarət proseslərini sürətləndirir. Gömrük və tarif mexanizmlərinin optimallaşdırılması tranzit və ixrac xərclərinin azalmasına səbəb olacaq və bu da ölkələr arasında ticarətin daha da genişlənməsinə xidmət edəcək”.
Son olaraq ekspert vurğulayıb ki, o yanvar ayında Çində keçirilən bir konfransda iştirak edib:
“Həmin konfrans Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunmuşdu. Tədbir çərçivəsində həm alimlərlə, həm də Çin Kommunist Partiyasının Birləşmiş Xalq Münasibətləri Mərkəzinin nümayəndələri ilə görüşlər keçirmişdim. Görüşlər zamanı Çin tərəfinin Azərbaycanla ticarət münasibətlərinin artırılmasına böyük maraq göstərdiyi açıq şəkildə hiss olunurdu və bu məsələ ətraflı müzakirə edilib. Çin bazarının potensialı son dərəcə genişdir. Ölkədə yeddi əsas iqtisadi region, yüzlərlə iri şəhər və müxtəlif bazarlar mövcuddur ki, Azərbaycan da bu imkanlardan faydalana bilər. Əgər lazımi şərait yaradılarsa, güzəştlər tətbiq olunarsa və qarşılıqlı kommunikasiya daha da gücləndirilərsə, ticarət əlaqələrinin sürətlə artması mümkündür. Çin tərəfi bu istiqamətdə dialoqa açıq olduğunu nümayiş etdirdi. Xüsusilə Azərbaycanın kənd təsərrüfatı məhsulları Çin bazarında böyük maraq doğurur. Müzakirələr zamanı aydın oldu ki, Azərbaycan məhsullarının Çinə ixrac imkanları kifayət qədər genişdir. Çinin ayrı-ayrı vilayətlərində 100–150 milyonadək əhali yaşayır və hər bir vilayət ayrıca bir bazar kimi qiymətləndirilə bilər. Bu isə o deməkdir ki, hər bir region üçün spesifik məhsullar ixrac etmək mümkündür. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı sahəsində ixracın genişləndirilməsi Azərbaycan üçün çox böyük imkanlar yaradır və Çin bazarı bu potensialın reallaşdırılması üçün strateji əhəmiyyət daşıyır”.
Fidan Alışova
