Azərbaycandan Gürcüstana pul köçürmələri 45 %-dən çox azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 19 milyon 780 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü illə müqayisədə 45,1 % azdır.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın Gürcüstana köçürülən pul baratlarının azalması təbiidir:
"Hazırda Gürcüstandan Azərbaycana köçürülən pul baratları sürətlə artır, Azərbaycandan Gürcüstana isə sürətlə azalır. Bu iki iqtisadiyyatın müqayisəsidir. Gürcüstan iqtisadiyyatı güclənir, Azərbaycandan ora işləməyə gedənlərin sayı artır və üstəlik azərbaycanlılar və yaxud da Bakıda yaşayanlar qohumlarına ora pul göndərirlər. Əksinə, həmin qohumlar artıq Bakıya, Azərbaycana pul göndərirlər, çünki Gürcüstan iqtisadiyyatı güclənir. Artıq Gürcüstandan işləməyə gəlmirlər, gürcülər və ya Gürcüstan azərbaycanlıları buranı iqtisadi baxımdan cəlbedici hesab etmirlər və bu səbəbdən ordan gələn pul baratları artır, burdan gedən isə azalır. Bu çox təbiidir. Və bank sektoru baxımından da belədir: biri artır, biri azalır, yəni bank sektorunun gəlirlərinə təsiri təxminən neytral qalır. Bu, Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərində də neytral təsir yaradır. Biri artır, biri azalır və nəticə etibarilə başqa ciddi bir təsir göstərmir".
Günel Əlili
