00:00:00
Yazar
Admin User
22.12.2025 17:33 82 4 dəq oxuma
İqtisadiyyat

Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 34 milyon 289 min ABŞ dolları təşkil edib. Bu ötən ilin eyni dövrü illə müqayisədə 22,6% azdır.

 

Qeyd olunan dövrdə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 343,9 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% azdır. Rusiyadan daxil olan pul baratlarının ümumi köçürmələrdə payı isə 48,4%-dən 40,5%-ə enib. Ümumilikdə, yanvar–sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon dollar, ölkədən xaricə isə 361,4 milyon dollar pul köçürülüb.

 

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Mərkəzi Bankın növbəti tədiyyə balansının açıqlamasında da bu rəqəmlər öz əksini tapıb. 

 

“Bu məsələ Rusiya ilə bağlıdır və ümumilikdə vəziyyəti ilk növbədə Rusiya prizmasından təhlil etmək lazımdır. Rusiya–Ukrayna müharibəsi nəticəsində Rusiyaya tətbiq olunan sanksiyalar var. Sanksiyalar tətbiq edildikcə, bu ölkənin daxilində maliyyə nizam-intizamında, dövriyyədə, yəni maliyyə azadlığında və elastiklikdə itkilər baş verir.

 

Bu zaman nə baş verir? 

 

Məsələyə iki istiqamətdə baxaq. Azərbaycandan Rusiyaya ixrac olunan məhsullar var ki, satıldıqdan sonra əldə edilən vəsaitin Azərbaycana geri qaytarılması mütləq şəkildə dönərli valyuta formasında olmalıdır. Biz bu vəsaiti ya dollara, ya avroya çevirməliyik, yaxud da köçürmə yolu ilə transaksiyalar həyata keçirməliyik. Digər alternativ isə orada həmin vəsaitlə məhsul alıb onu Azərbaycana gətirmək və daxildə manatla satışını təmin etməkdir. Yəni ticarət dövriyyəsinin tamamlanması üçün bu proseslər mütləq şəkildə işləməlidir. Hazırda Rusiya ərazisində sərbəst valyuta satışı və ya əldə olunması ilə bağlı ciddi çətinliklər mövcuddur. Rəsmi məzənnə göstərilsə də, həmin məzənnə ilə faktiki satış həyata keçirilmir. Bu da özlüyündə problem yaradır və ticarətçi, biznes subyektləri qeyri-rəsmi bazara müraciət etmək məcburiyyətində qalır. Bu isə əlavə risklər deməkdir”. 

 

F. İbrahimov qeyd edib ki, digər tərəfdən, illərdir Rusiyada işləyən və oradan Azərbaycana pul göndərən vətəndaşlarımız var:

 

 “Bu istiqamətdə də məhdudiyyətlər mövcuddur və həmin məhdudiyyətlərin əsas tərkib hissəsi məhz vəsaitlərin dönərli valyutaya çevrilməsi ilə bağlıdır. Bu da prosesə əngəl yaradır.

 

Ümumiyyətlə, Rusiya rublunun ucuzlaşması dollar qarşısında dəyər itirməsi deməkdir. Bu isə gəlirin başqa ölkəyə köçürülməsi zamanı real məbləğin azalması ilə nəticələnir. Məsələn, əvvəllər min rubl qazanan şəxs bu məbləği təqribən 500 dollar ekvivalentində əldə edirdisə, indi eyni gəlir 150–200 dollar civarına düşür. Yəni burada rublun dəfələrlə dəyərdən düşməsi prosesi gedir və bu da pul köçürmələrinə birbaşa təsir göstərir. Statistik məlumatlarda ticarət dövriyyəsində müəyyən artım görünsə də, bu daha çox fiziki şəxslərin fəaliyyəti ilə bağlıdır. Burada əsas məsələ pul baratlarıdır və bu istiqamətdə ciddi təsir müşahidə olunur və gələcəkdə də davam edəcəyi gözlənilir.

 

Son dövrlərdə Rusiya ərazisində azərbaycanlıların sıxışdırılması halları ilə də rastlaşırıq. Bu isə öz növbəsində biznes aktivliyinin məhdudlaşmasına və zəifləməsinə gətirib çıxarır. Bu faktor da ümumi proseslərə mənfi təsir edir. Qlobal şəkildə Azərbaycan iqtisadiyyatına təsirdən danışsaq, bu daha çox Rusiyada yaşayan azərbaycanlıların ölkənin bölgələrində yaşayan qohum-əqrəbalarına mənfi təsir göstərir. Çünki aylıq göndərilən müəyyən məbləğlər bölgələrdə vətəndaşların dolanışığını qismən də olsa yaxşılaşdırırdı. Bu vəsaitlərin azalması və ya məhdudlaşması böyük iqtisadi böhran yaratmasa da, müəyyən sosial problemlərə səbəb olur”. 

 

Ekspertimiz son olaraq açıqlamasına əlavə edib ki, digər vacib məqam ondan ibarətdir ki, Rusiya Azərbaycanın ilk beş ticarət tərəfdaşından biridir:

 

 “Ümid edək ki, bu vəziyyət qonşu ölkə ilə ticarət dövriyyəmizə ciddi mənfi təsir göstərməyəcək. Xüsusilə kənd təsərrüfatı məhsulları istiqamətində Rusiya hələlik əvəzolunmaz bazarlardan biri hesab olunur. Bu baxımdan ümid edirik ki, proseslər müsbət istiqamətdə davam edəcək. Lakin tam obyektiv yanaşsaq, ilk beşlikdə yer alan ticarət tərəfdaşı ilə münasibətlərdə yaranacaq hər hansı problem, istər-istəməz, ticarət dövriyyəsində boşluq yaradacaq. Yəni Rusiya ilə bu səviyyədə əlaqələr mövcud olduğu müddətdə, bu riskləri tam istisna etmək mümkün deyil.

 

Pul baratlarının azalmasına gəlincə, əgər Rusiya mövcud siyasətindən geri çəkilməsə və xarici sanksiyalar aradan qalxmasa, bu problem getdikcə daha da dərinləşəcək. Alternativ variantlar mövcuddur, lakin onlar həm yüksək xərc tələb edir, həm də uzunmüddətli perspektivdə əlavə çətinliklər yarada bilər”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər