00:00:00
Yazar
Admin User
29.12.2025 16:10 82 3 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın bank sektorunun aktivləri 17 faizdən çox artıb

Azərbaycanın bank sektorunun aktivləri 17 faizdən çox artıb

Son statistik göstəricilərə əsasən, Azərbaycanın bank sektorunun aktivləri 17 faizdən çox artıb. Bu artım bank sistemində likvidliyin yüksəldiyini göstərsə də, mütəxəssislər aktivlərin strukturuna diqqət yetirilməsinin vacibliyini vurğulayırlar. Ekspertlərin fikrincə, bank aktivlərindəki artım hələlik real iqtisadi artımın göstəricisi hesab edilə bilməz.

 

Mövzu ilə bağlı iqtisadçı Toğrul Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bank sektorunda aktivlərin artması avtomatik olaraq iqtisadi inkişaf demək deyil:


“Əgər bank sektorunda artım varsa, bu yalnız o halda iqtisadi artımın göstəricisi sayıla bilər ki, paralel şəkildə iqtisadiyyat da eyni templə böyüsün. Təəssüf ki, hazırkı vəziyyətdə belə bir mənzərə yoxdur. Rəsmi statistikaya əsasən, iqtisadi artım 1,2–1,3 faiz civarındadır ki, bu da Azərbaycan kimi ölkə üçün olduqca aşağı göstəricidir və faktiki olaraq stagnasiya vəziyyəti deməkdir. Bank aktivlərinin artmasının əsas səbəblərindən biri kredit portfelinin genişlənməsidir.
Bank aktivlərinin strukturuna baxdıqda görürük ki, artımın ən böyük hissəsi kredit portfelinin payına düşür. Kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,5 faiz artıb. İnflyasiyanın 7 faiz civarında olduğu bir şəraitdə bu göstərici kifayət qədər yüksək sayılır. Bu isə onu göstərir ki, əhali kreditlərə daha çox müraciət edir və borclanma səviyyəsi artır.Kredit artımının böyük hissəsi real sektora deyil, istehlak kreditlərinə yönəlib.Kredit strukturuna baxsaq görərik ki, artımın təxminən 70 faizi istehlak kreditlərinin payına düşür. Bu kreditlər yeni müəssisələrin açılmasına, istehsalın genişlənməsinə və ya iqtisadi dəyər yaradan sahələrə yönəlmir. Əksinə, əsasən gündəlik ehtiyacların ödənilməsinə, alış-verişə xidmət edir.İstehlak kreditləri əsasən idxal olunan məhsulların alınmasına sərf olunur.İstehlak kreditləri telefon, kompüter, avtomobil və digər idxal məhsullarının alınmasına yönəlir. Bu isə daxili istehsala və real iqtisadi artıma ciddi təsir göstərmir. Yəni bank aktivləri artsa da, bu artım iqtisadiyyatın real sektoruna ötürülmür”.

 

İqtisadçı bank aktivlərində qeydə alınan başqa bir diqqətçəkən məqama da toxunub:

 

“Bank aktivlərində ən yüksək artımlardan biri bankların depozitlərinin digər banklarda yerləşdirilməsi ilə bağlıdır. Bu sahədə artım təxminən 55 faiz təşkil edir. Bu isə göstərir ki, banklar vəsaitləri real sektora yönəltmək əvəzinə bir-birlərinin hesablarına yerləşdirirlər. Nəticədə investisiya xarakterli genişlənmə baş vermir, daha çox daxili dövriyyə yaranır.Kredit faizlərinə gəlincə,aktivlərin artması fonunda faizlərin aşağı düşməsi müşahidə edilmir.Kredit faizləri əsasən depozit faizlərindən asılıdır. Banklar depozit cəlb edir, üzərinə xərclərini və mənfəət marjasını əlavə edərək kredit verir. Fiziki şəxslərin depozitləri 15 faiz artıb, bu da banklarda kredit vermək üçün kifayət qədər vəsait olduğunu göstərir. Amma hüquqi şəxslərin depozitlərində ciddi artım yoxdur. Bu səbəbdən kredit faizləri yüksək olaraq qalır.Mövcud vəziyyət vətəndaşların maliyyə imkanlarının artmasından daha çox borclanmanın yüksəldiyini göstərir.
Bank aktivlərinin artması vətəndaşların maliyyə imkanlarının artması anlamına gəlmir. Əksinə, bu, əhalinin kreditlər hesabına xərclərini qarşıladığını göstərir. Real gəlirlər artmadığı halda kreditləşmənin genişlənməsi uzunmüddətli perspektivdə maliyyə risklərini artıra bilər”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər