Azərbaycanın enerji sektorunda yeni layihələr
Azərbaycan üçün başlıca prioritet bərpa olunan enerji sahəsinə investisiyaların təmin edilməsi və şəbəkə infrastrukturunun inkişafıdır. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) investisiya mütəxəssisi Vyaçeslav Qordiyenko Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib. Ofşor layihələrə gəlincə, 200 meqavatt gücün yaradılması müsbət qarşılanır. Lakin vurğulamaq vacibdir ki, bu, pilot layihə deyil. Mövzunun mürəkkəbliyinə baxmayaraq, məhz gələcəkdə reallaşdırmaq üçün istinad nöqtəsi olacaq pilot ofşor layihəni başlatmaq faydalı olardı. Əks halda, belə təəssürat yarana bilər ki, bu imkanlar bir ölkə üçün həddindən artıq genişmiqyaslıdır", - IFC mütəxəssisi qeyd edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji məsələləri üzrə mütəxəssis Ramiz Kəlbiyev bildirib ki, Azərbaycanda enerji sektoruna xarici investisiyaların təcrübəsi 1994-cü ildən bəri var:
"Son dövrlərdə bərpa olunan enerji sahəsinə xarici investorların axını başlayıb. Əsrin müqaviləsi Azərbaycan büdcəsinə xeyir veribdir. İqtisadi müstəqilliyimizin möhkəmlənməsinə və enerji təhlükəsizliyimizə də müsbət təsir göstərəcək. Onun gücü iqtisadiyyatdan bilavasitə asılıdır. Bərpa olunan enerji sahəsinə sərf olunan investisiyalar iqtisadi əlaqələri gücləndirəcək. Enerji sahəsində kifayət qədər təcrübəmiz var, bu da yeni layihələrin həyata keçirilməsi üçün yaxşı məqamdır.
Burada risklər o vaxt olur ki, enerji yükü artsın və ya azalsın. Bərpa olunan enerji mənbələrini birtərəfli inkişaf etdirməmişik. Mingəçevirdə 1280 meqavatlıq qazla işləyən istilik elektrik stansiyası da yaradılıb. Biz həm də ənənəvi enerji sahəsinə diqqət edirik. Pilot layihələr yerli şərait və iqtisadi vəziyyət nəzərə alınaraq müəyyən başlanğıc üçün həyata keçirilib. Azərbaycanda bərpa olunan enerji layihələri 2011-ci ildən başlanılaraq həyata keçirilməyə başlanıb. Enerji sahəsində pilot layihələr enerji strukturunun vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib. Ölkəmizdə pilot layihələr çox effektiv olub".
Aygün Babayeva
