Azərbaycanın enerji strategiyası: Avropanın etibarlı tərəfdaşı
Berlin şəhərində keçirilən ənənəvi qaz konfransında Azərbaycanın enerji strategiyası və Avropanın enerji təhlükəsizliyində oynadığı rolu ətraflı müzakirə olunub. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya verdiyi töhfələrdən, qaz ixracının rekord həddə çatmasından və yaşıl enerji layihələri üzrə planlardan danışıb.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın enerji strategiyasının Avropa bazarı üçün əhəmiyyəti xüsusilə Ukrayna müharibəsindən sonra daha da artıb:
"Baxmayaraq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində payı təqribən 2–4%dir, qısa müddətdə əlavə məntəqələrin quraşdırılması ilə qaz təchizatı gücləndirilib. Azərbaycan fasiləsiz qaz nəqli həyata keçirdiyi və öhdəliklərini vaxtında yerinə yetirdiyi üçün Avropa rəsmiləri etibarlı tədarükçü kimi qiymətləndirir. Cənub Qaz Dəhlizinin gələcəkdə yaşıl hidrogenə uyğunlaşdırılması və bərpa olunan enerji layihələrinin icrası dövrün tələblərinə uyğun addım kimi nəzərdən keçirilir. Bununla belə, karbohidrat ehtiyatlarından tam imtinanın yaxın onilliklərdə baş verməsi mümkün deyil. Azərbaycan kimi neft-qaz ölkələrinin əhəmiyyəti ən azı bir neçə onillik ərzində ön planda qalacaq".
Son olaraq ekspert əlavə edib ki, qlobal geosiyasi risklər fonunda isə Azərbaycan enerji təchizatını dayandırmaq niyyətində deyil:
"Ölkə "Əsrin müqaviləsi"ndən bu yana Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər marşrutlarla öhdəliklərini uğurla icra edir. Əgər hər hansı nəqlin dayandırılması baş versə, bu, Azərbaycanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmayacaq. Risklər daim nəzərdən keçirilir və hökumət buna imkan verəcək addımlar atmır".
Sura Əliyeva
