Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 210,2 milyon manatlıq məhsul istehsal edilib.
Mövzu ilə bağlı İqtisadi resursların öyrənilməsi mərkəzinin sədri, İqtisadi fəlsəfə doktoru Ruslan Atakişiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının birinci sənəcamı əsasında ölkəmizdə 2026–2029-cu illər üçün Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Dövlət Proqramı qəbul olunub:
"Bu proqram və onun çərçivəsində nəzərdə tutulan tədbirlər gələcəkdə ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişaf istiqamətlərini və mahiyyətini aydın şəkildə müəyyən edir. Həmçinin, bu sahədə görüləcək tədbirlər konkret şəkildə qeyd olunub. Həmin tədbirlər həyata keçirildikcə Azərbaycanda ÜDM-in formalaşmasında rəqəmsallaşmanın rolu və əhəmiyyəti artacaqdır. Proqram çərçivəsində startapların inkişafı, innovasiyaya əsaslanan yeni sahələrin tərəqqisi və bu inkişafı təmin etmək üçün müasir maliyyə alətləri xüsusən ventür kapitalının inkişafı nəzərdə tutulub. Bununla bağlı qanunvericilik bazasında dəyişikliklərin edilməsi, kadr potensialının gücləndirilməsi üçün orta məktəblərdə və ali təhsil müəssisələrində müvafiq ixtisasların təşkili, həmçinin əmək bazarında çalışan şəxslərin ixtisasartırma tədbirləri də planlaşdırılıb. Ümumilikdə, dünya üzrə rəqəmsallaşma artıq iqtisadiyyatın əsas sahəsinə çevrilməkdədir. Onlayn ticarət, e-commerce və bu kimi anlayışlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Hesab edirik ki, Azərbaycanda bu tədbirlərin həyata keçirilməsi ölkəmizin qlobal səviyyədə rəqəmsal iqtisadiyyatlar sırasında mövqeyini möhkəmləndirəcəkdir".
Günel Əlili
