Azərbaycanın qaz ixracı güclənir
“Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alğı-satqı müqaviləsinə dair sənəd imzalanıb.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu saziş xarici investorların ölkəyə marağının artmasına səbəb olacaq:
“Cənub Qaz Dəhlizi üzrə nəzarət edilən hissənin Əbu-Dabi XRG şirkətinə devr edilməsi investisiyaların artırılmasına və ölkəyə əlavə xarici investorların cəlb olunmasına ciddi təsir göstərəcək. Bu, xarici investorların ölkəyə marağının artmasına, digər tərəfdən isə yeni texnologiyaların tətbiqinə və əlavə vəsaitlərin təmin olunmasına dəstək olacaq. Digər tərəfdən, bu proses sahənin inkişafına mühüm təsir göstərəcək. İxrac coğrafiyamızın genişlənməsi, texnologiyaların tətbiqi və müasir standartların mənimsənilməsi istiqamətində əhəmiyyətli irəliləyişlərə şərait yaradacaq”.
İqtisadçının sözlərinə görə, imzalanan saziş ölkənin qaz sektorunun şaxələndirilməsi və ixrac potensialının gücləndirilməsində mühüm rol oynayacaq:
“Biz Əbu-Dabi ilə yaşıl enerji və alternativ bərpa olunan enerji sahələrində də ciddi əlaqələr qururuq. İmzalanan bu saziş ölkənin qaz sektorunun daha da şaxələndirilməsinə və ixrac potensialının güclənməsinə müsbət təsir göstərəcək”.
Zəri Bayramlı
