Azərbaycanın qeyri-neft ixracı artıb
Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dollarına çatıb. Bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yayıb.
Son bir ildə xüsusilə yeyinti məhsullarının ixrac dəyəri 19,8 % artaraq 962,1 milyon dollara yüksəlib. Şəkər ixracında 49,6 %, meyvə-tərəvəzdə 30 %, kimya sənayesi məhsullarında 22,8 %, pambıq ipliyində 8,8 %, alüminium və alüminium məhsullarında isə 3,8 % artım qeydə alınıb.
Ümumilikdə, ölkənin aqrar məhsulları üzrə ixrac həcmi 27,5 % artaraq 769,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 260 milyon dollar olub. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,1 % artımla 1,03 milyard dollar təşkil edib.
Mövzu ilə bağlı iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki,növbəti illərdə əsas hədəf qeyri-neft ixracının ümumi həcmini artırmaqla yanaşı, struktur dəyişikliyini də sürətləndirmək olmalıdır:
"Qeyri-neft-qaz ixracında artım əsasən aqrar istehsalın genişlənməsi, qeyri-neft ixracının stimullaşdırılması və yeni bazarlara çıxışla bağlıdır. Amma buradakı əsas problem ixracın strukturudur. Hazırda artım daha çox aqrar və aşağı emal səviyyəli məhsullar hesabınadır. Yüksək texnologiyalı, sənaye və maşınqayırma məhsullarının ixracdakı payı çox aşağıdır. Bu isə ixracın dayanıqlılığını zəiflədir, çünki belə struktur xarici bazar şoklarına, qiymət dalğalanmalarına və mövsümi dəyişikliklərə daha həssas olur. Növbəti illərdə əsas hədəf qeyri-neft ixracının ümumi həcmini artırmaqla yanaşı, struktur dəyişikliyini də sürətləndirmək olmalıdır. Emal sənayesinin gücləndirilməsi, yüksək əlavə dəyərli məhsulların istehsalı, sənaye parklarında innovasiyaya əsaslanan istehsalın genişləndirilməsi prioritetdir. Eyni zamanda, yeni bazarlara çıxış, sertifikatlaşdırma sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və logistika xərclərinin azaldılması da ixracın davamlı artımını təmin edə bilər".
Eslanda Kulieva
