00:00:00
Yazar
Admin User
10.11.2025 17:11 160 3 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın Türkiyədən idxalı 7 faiz artıb

Azərbaycanın Türkiyədən idxalı 7 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1,98 milyard dollar dəyərində mal idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çox olub. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 faizini təşkil edib. Təkcə oktyabr ayında ixrac 248 milyon dollara çatıb və illik müqayisədə 20 faiz artıb.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, bu rəqəmlərə baxanda Türkiyədən idxalın əslində artmadığı görünür:

 

“Yəqin ki, azalıb. Belə ki, oradakı 7%-lik artım inflyasiya ilə bağlıdır. İnflyasiya rəsmi məlumatlara görə bu il 6%-dir. O baxımdan, həmin 7%-lik artım inflyasiyanı nəzərə alsaq, çox kiçik qalır. Amma qeyri-rəsmi məlumatlara görə inflyasiya iki rəqəmlidir və bu halda, əslində, idxal artmayıb, azalıb. Kiçilən iqtisadiyyatlarda tələbin azalması ilə yanaşı idxal da azalır. Bu baxımdan, “idxal artıb” iddiası tam doğru sayılmır. Gələcəkdə bu ticarət artımı regional iqtisadi ittifaqlara qoşulmağa səbəb ola bilərmi? Qeyd etmək lazımdır ki, hələlik belə bir hal yoxdur və artım da gözlənilmir. Əgər bu iki ölkə arasında ticarət bizim baxımımızdan nisbətən böyükdürsə, Türkiyənin baxımından çox kiçikdir. Amma Türkiyənin liderlik edə biləcəyi hər hansı regional ticarət təşəbbüsü yarana bilər və ora Azərbaycan, məsələn, Türk Dövlətləri Təşkilatı, TİKA və s. kimi strukturlar vasitəsilə qoşula bilər. Lakin sadəcə idxalın artması belə bir qoşulma demək deyil. Əsas məsələ siyasi qərarlar və hüquqi uyğunluqlardır. Belə proseslərdə udan və uduzan tərəflərin düzgün müəyyənləşdirilməsi, maraqların balanslaşdırılması vacibdir. Azərbaycanın ixracında əsas yeri neft, neft məhsulları, qaz və digər enerji resursları tutur. Ticarət balansına əsas təsir göstərən amil də məhz bunlardır”.

 

İqtisadçının sözlərinə görə, əgər inkişaf olsa, gələcəkdə bu proses mümkün ola bilər, amma hazırda qeyri-neft sektorunda ciddi bir artım müşahidə olunmur:

 

“Yaxın gələcəkdə də bu sahədə ciddi artım gözlənilmir. Əgər inkişaf olsaydı, təbii ki, idxalın əvəz olunması baş verərdi. Söhbət yalnız “tökmə mallardan” deyil, ümumilikdə bütün idxal olunan məhsullardan gedir. Xüsusilə də tök şəkildə gətirilən məhsulların bir çoxu Azərbaycanda istehsal oluna biləcək mallardır – həm tikinti, həm də tekstil sektorunda. Təbii ki, idxal artırsa, bu, Azərbaycanın ticarət balansına mənfi təsir göstərir. Hazırda görünən odur ki, çox cüzi və əhəmiyyətsiz dərəcədə artım var, yaxud ümumiyyətlə artım müşahidə olunmur.Əgər ciddi bir artım olsaydı belə, bu artımın təsiri böyük olmazdı. Əsas məsələ budur: idxal artırsa, bu, ticarət balansına mənfi təsir edir; əgər idxal azalırsa, bu, ticarət balansına müsbət təsir deməkdir. Yəni, idxal və ticarət balansı arasında birbaşa əlaqə var. Azərbaycanın ümumi ixrac strukturunda əsas yeri neft, neft məhsulları, qaz və digər enerji resursları tutur. Məhz bu məhsullar ticarət balansımıza əsas təsir göstərən amillərdir. Ticarət balansının vəziyyətini düzgün qiymətləndirmək üçün bu sahələrə xüsusi diqqət yetirmək lazımdır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər