Azərbaycanın Türkiyədən taxıl idxalının azalması:
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 10,675 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,5 % azdır. Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 9,3 % azalaraq 929 milyon ABŞ dollarına düşüb.
Mövzu ilə əlaqədar "İnformator.az"a açıqlamasında iqtisadçı ekspert Rauf Rəsulov bildirib ki, Azərbaycanın Türkiyədən taxıl, paxlalılar, yağlı toxumlar üzrə idxalının azalması təkcə statistik rəqəm yox, həm də geniş iqtisadi və struktur dəyişikliklərin göstəricisidir.
Onun sözlərinə görə, burada həm regional, həm də daxili amillər üst-üstə düşür:
"İlk növbədə, qiymət faktoru ön plana çıxır. Türkiyədə son illər kənd təsərrüfatı məhsullarının istehsal xərcləri, logistika və enerji qiymətləri artıb. Bu isə ixrac olunan məhsulların maya dəyərini yüksəldib və Azərbaycan üçün həmin məhsulların idxalını əvvəlki dövrlərlə müqayisədə daha baha edib. Belə şəraitdə idxalçılar alternativ bazarlara üz tutur və ya daxili istehsala daha çox üstünlük verməyə çalışırlar. Digər mühüm məqam Azərbaycanın daxili istehsal siyasətidir. Son illər aqrar sahədə subsidiyaların artırılması, taxılçılıq və yağlı bitkilərin əkin sahələrinin genişləndirilməsi idxala olan ehtiyacı müəyyən qədər azaldıb. Bu da Türkiyədən idxalın həcminin azalmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilə bilər. Yəni azalma hər zaman mənfi tendensiya deyil, bəzən daxili potensialın artmasının nəticəsi ola bilər".
Ekspert əlavə edib ki, ərzaq təhlükəsizliyi baxımından mövcud vəziyyət hələlik ciddi risk yaratmır:
"Tələbat amili də diqqətdən kənarda qalmamalıdır. Ərzaq bazarında istehlak strukturu dəyişir, bəzi məhsullara olan tələbat azalır və ya mövsümi xarakter daşıyır. Bu da idxal göstəricilərinə birbaşa təsir edir. Eyni zamanda, Azərbaycanın yalnız Türkiyədən deyil, digər ölkələrdən də taxıl və yağlı toxumlar idxal etməsi tədarük zəncirinin şaxələndirildiyini göstərir. Ərzaq təhlükəsizliyi baxımından mövcud vəziyyət hələlik ciddi risk yaratmır. Çünki əsas məsələ konkret bir ölkədən idxalın azalması deyil, ümumi təminat səviyyəsi, strateji ehtiyatların mövcudluğu və alternativ mənbələrin olmasıdır. Bu göstəricilər qorunduğu müddətdə Türkiyədən idxalın azalması bazarda kəskin problemlərə səbəb olmaz. Lakin uzunmüddətli perspektivdə həm iqlim riskləri, həm də qlobal bazarlardakı qeyri-sabitlik fonunda vəziyyətin daimi monitorinqi vacibdir".
Ekspert ümumi qiymətlər barədə də bəhs edib:
"Qiymətlərə gəlincə, qısamüddətli dövrdə daxili bazarda taxıl və un məmulatlarının qiymətində kəskin dəyişiklik gözlənilmir. Ancaq idxalın azalması tendensiyası davam edərsə və daxili istehsal bu boşluğu tam kompensasiya edə bilməzsə, qiymətlər üzərində müəyyən təzyiq yarana bilər. Bu baxımdan dövlətin tənzimləyici mexanizmləri və ehtiyat siyasəti həlledici rol oynayacaq. Yekun olaraq demək olar ki, Türkiyədən idxalın azalması daha çox bazar şərtlərinin dəyişməsi, qiymət amilləri və Azərbaycanın idxal siyasətinin şaxələndirilməsi ilə bağlıdır. Bu proses düzgün idarə olunduğu halda nə ərzaq təhlükəsizliyi, nə də daxili bazar üçün ciddi təhlükə yaratmaya bilər, əksinə, orta və uzun müddətdə daxili istehsalın güclənməsinə stimul verə bilər",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltan
