00:00:00
Yazar
Admin User
19.11.2025 14:48 131 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın Ukraynaya qaz ixracı iqtisadiyyata töhfə verəcək

Azərbaycanın Ukraynaya qaz ixracı iqtisadiyyata töhfə verəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Azərbaycandan təbii qaz alınması ilə bağlı fəal danışıqlar aparır. Qış mövsümü ərəfəsində Polşa vasitəsilə əməkdaşlıq genişləndirilib və uzunmüddətli müqavilələr gözlənilir. Ukraynanın yeni alıcı kimi bazara daxil olması Azərbaycanın qaz ixracını artıraraq daha sabit gəlir gətirə bilər. Qazın Ukraynaya Trans-Balkan marşrutu - Polşa, Rumıniya və Bolqarıstan üzərindən çatdırılması nəzərdə tutulur. Hazırda Ukrayna qazı əsasən Avropa ölkələri üzərindən tərs axınla təmin edir. 2025-ci ildən Rusiya tranzitinin dayanması Kiyevi yeni mənbələrə yönəldir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı kifayət qədər çoxdur:

 

"Xüsusilə Avropa ölkələri Azərbaycan qazına böyük maraq göstərir və daha çox həcmdə almaq istəyirlər. Lakin Azərbaycanın qaz hasilatı və istehsal imkanları məhdud olduğu üçün bu tələbatı tam şəkildə qarşılamaq hazırda mümkün deyil. Digər tərəfdən, Ukrayna məsələsi yalnız enerji təminatı ilə deyil, həm də humanitar aspektlərlə bağlıdır. Ukrayna uzun illərdir Rusiya qazından asılı vəziyyətdə olub və bu asılılıq müharibə başlayandan sonra da tam aradan qalxmayıb. Qış aylarında ölkə çox ciddi enerji çatışmazlığı ilə üzləşir. Bu baxımdan, Azərbaycanın Ukraynaya qaz təmin etməsi daha çox humanitar jest kimi qiymətləndirilə bilər.Bununla belə, Azərbaycan Ukraynanın illik qaz tələbatını tam şəkildə qarşılaya bilməz. Ukraynanın illik qaz tələbatı təxminən 25 milyard kub metr təşkil edir. Halbuki Azərbaycanın Avropaya satdığı ümumi qaz həcmi hazırda təxminən 14-15 milyard kub metr civarındadır. Bu səbəbdən, Azərbaycanın Ukraynaya böyük həcmdə qaz verməsi real görünmür. Amma simvolik və dəstək xarakterli bir addım olaraq bu prosesin baş verməsi həm siyasi, həm də humanitar baxımdan əhəmiyyətlidir.

 

Bu dəstək eyni zamanda Ukraynanın enerji mənbələrinin diversifikasiyası baxımından da vacibdir. Azərbaycanın qaz hasilatı yaxın illərdə artmaq üzrədir. 2027-ci ilin sonuna qədər hasilatın 20 milyard kub metrdən artıq səviyyəyə çatdırılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, Azərbaycan qazı üçün alıcı problemi yoxdur - əsas məsələ hasilat həcminin məhdud olmasıdır. Hasilat artdıqca, alıcı ölkələrin sayı da təbii olaraq artacaq". 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər