Azərbaycanın xarici borcu 18 faiz azalıb
Son 1 il ərzində Azərbaycanın xarici borcu 1,162 milyard dollar və ya 18 faiz azalıb.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, ödənişlər olub, hansı xarici borcun yenidən strukturlaşdırılması olub, vaxtından qabaq ödənişlər, bitmiş ödənişlər ola bilər:
“Hansı borcların vaxtı bitib, ödənib, yerinə borc götürülməyib və bunun nəticəsində borc azalıb. Yəni belə bir borc ödənişləri olub. Yəqin ki, dövlətin maliyyə ehtiyatları artıb, bu səbəbdən borclanmalar azalıb. Bir də, son illərdə dövlət borcu artıb, 2024-cü ildə sürətlə artıb. 2025-ci ildə müəyyən qədər azalması müəyyən ehtiyat yaradır. O baxımdan belə bir şey baş verib.
Bu azalma belədir ki, dövlət borcunun aşağı olması həmin ölkənin beynəlxalq nüfuzuna yaxşı təsir edir. Yəni vaxtında borclarını ödəyir, borclarını yüksək saxlamır, defolt riski yoxdur, çünki borc aşağıdır. Bu baxımdan belə ölkələr sonra daha rahat borclana bilirlər. Bu da onu artırır. Təbii ki, ölkənin maliyyə sabitliyini yaxşılaşdırır borcun aşağı olması. Və başqa şəraitlərdə imkan verirsə, borcun aşağı olması yeni borclanmalar və yeni investisiyalar yarada bilir.
Təəssüf ki, bizdə bu məsələdə vəziyyət xarabdır. Baxmayaraq ki, borc aşağıdır və bu zərbə eləməlidir. Təbii ki, bu, ölkədə maliyyə sabitliyini artırır. Çünki bu, iqtisadiyyatın dayanıqlı olmasına gətirir. Və bir az əvvəl dediyimiz məsələ - daha çox investisiyaya cəlb edə bilir, etibarlılıq yaradır. Və ondan əlavə, dövlət büdcəsində borca xidmət xərci deyilən bir şey var ki, borcu geri ödəmək üçün, həm faizləri, həm də əsas hissəni ödəmək üçün xərc azalır. Dövlət büdcəsi o baxımdan yüngülləşir.
Məsələn, ABŞ büdcəsində illik 2 trilyon dollar borca xidmət üçün pul ayrılır. Təsəvvür edin ki, bu, bizim büdcədən nə qədər böyükdür. Yəni bunun iqtisadiyyatda da, xarici təşkilatlarla münasibətlərdə də təsiri var”.
Günel Əlili
