00:00:00
Yazar
Admin User
20.01.2026 15:42 71 4 dəq oxuma
Sosial

Azərbaycanın yaşıl enerji hədəfləri sürətlə reallaşır

Azərbaycanın yaşıl enerji hədəfləri sürətlə reallaşır

COP29-un Bakıda keçirilməsi Azərbaycanın bərpa olunan enerji üzrə uzunmüddətli strategiyası üçün mühüm stimul olub. Davosda çıxış edən H/Advisors şirkətinin nümayəndəsi Demion Potter bildirib ki, Azərbaycan bərpa olunan enerji istehsal edib onu regiona və Avropaya ixrac etməyi hədəfləyir. COP29-un əsas nəticəsi neft asılılığından mərhələli keçidi təmin edən strategiyanın formalaşmasıdır. Bu keçid iqtisadi artımı, həyat keyfiyyətini və ekoloji vəziyyəti yaxşılaşdırır. O, həmçinin Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkənin investisiya cəlbediciliyini artırdığını vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Sadiq Həsənov bildirib ki, bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi layihələr çox təqdirəlayiqdir:

 

"Azərbaycanın bərpa olunan enerji istehsalını artırması və eyni zamanda bu istiqamətdə çox böyük işlərin planlaşdırıldığı artıq çox təqdirəlayiq bir hadisədir. Azərbaycan həm COP29-un ev sahibliyi edən bir ölkə kimi, eyni zamanda uzunmüddətli strategiyada neft və qaz gəlirlərinin azalması fonunda alternativ mənbələrdən istifadə olunan elektrik enerjisinin ixrac olunmasını bir hədəf kimi qarşıya qoymuşdur. Yəni bildiyimiz kimi, Azərbaycanın Paris iqlim sazişi çərçivəsində, 2015-ci ildə Parisdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında götürdüyü öhdəliyə görə, ölkəmiz 2030-cu ildə ümumi elektrik enerjisi istehsalının 30 %-ni bərpa olunan elektrik mənbələrinə keçməlidir. Və bu istiqamətdə dövlət çox böyük işlər görür. Məsələn, bu yaxınlarda Qobustanda günəş panellərinin quraşdırılması, 230 meqavat gücündə günəş panelləri stansiyasının işə salınması və bu son günlərdə hibrid-həm külək, həm də günəş panellərinin 240 meqavat gücündə Xızı-Abşeron yarımadasında işə salınması, cənab Prezidentin özünün iştirak etməsi göstərir ki, son iki il ərzində artıq 500 meqavatdan çox elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı artıb. Və bu istiqamətdə Azərbaycanın həm Böyükşor gölü üzərində 100 kilovat gücündə olan elektrik enerjisi istehsal edən üzən günəş panellərindən istifadənin quraşdırılması və eyni zamanda Biləsuvarda 440 meqavat gücündə, həmçinin Neftçalada 500 meqavat gücündə günəş panellərinin tikintisinin sürətlə aparılması Azərbaycanın bu istiqamətdə çox sürətlə irəlilədiyini göstərir. Yəni ümumən Azərbaycanın elektrik enerjisi istehlakı 22 milyard kilovat-saat təşkil edir. Burada həm sənaye, həm əhali, həm digər mənbələr, həm də elektrik enerjisinin özünün istifadə etdiyi elektrik enerjisi daxil olmaqla 22–23 milyard kilovat-saat həcmində istehlak var.

 

Hazırda Azərbaycan 28,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişdir. Və burada hardasa 6-6,5 milyard kilovat-saat əlavə elektrik enerjisi istehsalıdır ki, bu da xaricə satılması planlaşdırılır. Bu istiqamətdə Azərbaycanın ən böyük tərəfdaşı Gürcüstandır. Gürcüstan Azərbaycandan hardasa 1,5 milyard kilovat-saat həcmində elektrik enerjisi idxal edir. Gələcəkdə isə bu elektrik enerjisinin Avropaya nəqli üçün ölkənin böyük strategiyası var və bununla bağlı Avropa ölkələri ilə danışıqlar aparılır. Burada magistral elektrik enerjisinin ixrac xətləri çəkilməlidir və bu, Gürcüstandan keçməklə Qara dənizin dibi ilə Avropaya nəql oluna bilər. Yəni bu istiqamətdə işlər aparılır və biz ümid edirik ki, Azərbaycanın bərpa olunan enerji sistemindən istehsal etdiyi elektrik enerjisi yaxın vaxtlarda Avropaya ixrac olunacaq və bu da ölkəmizə əlavə iqtisadi dividendlər gətirəcək. Və bizə məlumdur ki, Azərbaycanda neft hasilatı aşağı düşür. Hər il 3–5 %, 10 %-ə qədər aşağı düşməklə bu proses artıq gedir. Yəni yaxın bir 10 il ərzində Azərbaycanda neft istehsalı müəyyən həcmdə azalacaqdır. Və bunu doldurmaq üçün, ölkənin iqtisadi stabilliyini təmin etmək üçün mütləq digər mənbələr axtarılmalıdır. O mənbələrdən biri də elektrik enerjisinin ixrac olunmasıdır ki, bu istiqamətdə Azərbaycan böyük investisiya layihələri həyata keçirir.

 

Ümumiyyətlə, bunun ətraf mühitə çox müsbət təsiri var. Bildiyimiz kimi, istiləşmənin əsas səbəblərindən biri yanacaq istehlakının həddindən artıq artmasıdır. Məsələn, bir gündə 100 milyon barel neft yanacağı istifadə olunur. Bu da karbon dioksid ekvivalentinə keçirsək, 250 milyon barelə yaxın karbon qazı deməkdir, eyni zamanda metan qazı, eləcə də azot oksidlərinin yaranması deməkdir ki, bu da istilik effekti yaradan qazların sürətlə artmasına təsir edir. Və bunun azaldılması üçün COP29 tədbiri çərçivəsində müəyyən öhdəliklər qəbul olundu və COP30-da bu inkişaf etdirilib. Düşünürəm ki, yaxın gələcəkdə artıq dünyanın bir çox ölkələri bərpa olunan enerjiyə daha çox üstünlük verəcək.

 

Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi layihələr çox təqdirəlayiqdir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər