Azərbaycanla İsrail qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə işgüzar səfər edib.
Mövzu ilə bağlı olaraq iqtisadçı Natiq Cəfərli “İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və İsrail arasında daimi əlaqələr mövcuddur:
“Azərbaycanla İsrail arasında kifayət qədər sıx və dayanıqlı münasibətlər mövcuddur. Əsasən enerji sahəsində bu əlaqələrin yüksək səviyyədə olduğu məlumdur. Bu yaxınlarda Azərbaycanın dövlət şirkəti SOCAR, hansı ki, Mikayıl Cabbarov həm müşahidə şurasının sədri, həm də İnvstisiya Holdinqinin rəhbəri kimi təmsil olunur, İsraildə qaz və neft yataqlarının işlənilməsində xüsusi pay əldə edib. Bu, çox önəmlidir, çünki yeni texnologiyaların tətbiqi sahəsində SOCAR-ın orada işləməsi ona mühüm təcrübə qazandıra bilər və bu təcrübənin gələcəkdə Azərbaycanda da tətbiq olunmasına şərait yarada bilər.
Digər sahələrdə, xüsusilə yüksək texnologiyalar sahəsində də əməkdaşlığa dair müəyyən razılaşmalar var. Lakin Azərbaycanda bu sahənin infrastruktur bazası zəifdir. Buna görə də İsrailin təcrübəsindən istifadə etmək üçün konkret formatlar düşünülməli və bu istiqamətdə ölkədə baza formalaşdırılmalıdır. Yəni yüksək texnologiyalar sahəsində texnoparkların, inkubatorların və startap layihələrinin yaradılması vacibdir”.
Arzu Poladova
