Azərbaycanla Tailand arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub
Milli Məclis sədrinin müavini Musa Qasımlı və parlamentin Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov Tailand Krallığı Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun baş katibi İssara Sereevatthanavut ilə görüşüblər.
Mövzu ilə bağlı olaraq iqtisadçı Natiq Cəfərli “İnformator.az” a açıqlamasında bildirib ki, malların Aralıq dənizinə qədər daşınmasında da Azərbaycan- Tayland əlaqələrinin inkişafı mümkündür:
“Azərbaycan və Tayland arasında ticarət dövriyyəsi doğrudan da kifayət qədər zəifdir. Bunun obyektiv səbəbləri də var ,logistika marşrutlarının uzaq və baha olması bu məsələyə təsir göstərir. İkinci səbəb isə ondan ibarətdir ki, Azərbaycanın əsas ixrac məhsulları olan enerji daşıyıcılarını Tayland daha yaxın ölkələrdən alır. Buna görə də ticarət dövriyyəsində aşağı rəqəmlərin olduğunu müşahidə edirik. Mənim fikrimcə, ən perspektivli sahə turizmdir. Qarşılıqlı turizm səfərlərinin artırılması və turizm iqtisadiyyatının genişləndirilməsi üçün böyük potensial var. Birbaşa aviareyslərin açılması bu baxımdan çox önəmli rol oynaya bilər. Bundan əlavə, gələcəkdə Taylandın Avropaya ixrac etdiyi məhsulların bir qisminin Azərbaycanın əsas iştirakçısı olduğu Orta Dəhliz vasitəsilə , yəni Azərbaycanın logistik mərkəz kimi çıxış etdiyi marşrutla ,Avropaya çatdırılması mümkündür. Əks istiqamətdə, malların yaxın limanlara, məsələn, Aralıq dənizi limanlarına qədər daşınmasında da Azərbaycan-Tayland əlaqələrinin inkişafı mümkündür. Perspektivlər mövcuddur, lakin bu, qarşılıqlı investisiyalardan, bağlanacaq müqavilələrdən və biznes mühitinin uyğun şərtlərlə inkişaf etdirilməsindən asılıdır.”
Arzu Poladova
