00:00:00
Yazar
Nərmin Həşimova
07.07.2026 22:34 43 3 dəq oxuma
Maraqlı

Bəhanə: İnsanın özünə söylədiyi yumşaq yalan

Bəhanə: İnsanın özünə söylədiyi yumşaq yalan

Bəhanə insan oğlunun odu tapmasından sonra kəşf etdiyi ən önəmli  müdafiə mexanizmidir. Biri insanı soyuqdan, digəri məsuliyyət altına girməkdən qoruyar. Başqa cür desək, ikisi də insanın həyatda qalmasına kömək edər. Biri üşütməz, amma digəri xəfif bir şəkildə insanın xarakterini burxar. Adətən, bəhanə məsum görünər. Heç kim "bu gün üzərimə bir təmbəllik çöküb” deməz. Onun yerinə "bu gün özümü hazır hiss etmirəm" kimi bəhanələr söyləyər.


Tənbəllik sanki bu həyatda çox şux bir kostyum geyinərək insan oğlunun qarşısına çıxar, heç kim ona etiraz edə bilməz. Elə bəhanələrin çoxu da bu baxımdan "əslində, mən...",- deyə başlayar. "Əslində, hazır idim amma..., “əslində, edəcəkdim amma..." və s. Bu, insan beyninin bir növ təhlükəsizlik kəməri kimidir. Həqiqətlə çarpışınca daha çox yaralanmamaq üçün taxılar. Hətta, bəzən çarpışmanın təsirindən hava yastıqları da açıla bilər. Hava yastıqlarına isə "qismət deyilmiş" deyilir.


Bu baxımdan bəhanələrin sinifləndirilməsi olduqca vacibdir. Çünki bəhanə artıq təkbaşına yaşayan biri deyil, olduqca geniş bir ailəsi vardır. Həmin ailə üzvləri isə bunlardır: ənənəvi bəhanələr, texnoloji bəhanələr, psixoloji bəhanələr və fəlsəfi bəhanələr.


Ənənəvi bəhanələr- hər dövr üçün aktualdır. Hər dövrdə, dünyanın hər yerində keçərlidir. Hətta, çox güman ki, antik dövrdə belə biri "Senotaya gec qaldım, çünki atım hazır deyildi",- deyə bir bəhanə edib.


Texnoloji bəhanələr- müasir dövrün müqəddəs, toxunulmaz bəhanələridir. Biri internet getdi, gələn e-maili onun üçün görməmişəm dediyində heç kim onun üzərinə düşməz, internetin həqiqətən, gedib-getmədiyini sorğulamaz. Çünki bir gün onun da başına ya belə bir olay gələrsə?


Psixoloji bəhanələr- insanın ruh halı ilə bağlıdır. Əgər biri "bu gün ruh halım yaxşı deyildi, onun üçün bütün gün ancaq özümə fokslanmağa çalışmışam" dediyində bunun əlavə bir açıqlaması heç vaxt olmaz. Kimsə də bu duruma etiraz edərsə, həmin an o insan qəlbsiz, qəddar adlandırılar.


Fəlsəfi bəhanələr- bu  bəhanələr isə digərlərindən olduqca təhlükəlidir. Çünki insanın başqasına söylədiyi bəhanə zamanla uçub gedər. Ancaq özünə söylədiyi bəhanə içinə yerləşər. Sanki başdan bir ev qurar və bir müddət sonra insan özünə bunu söyləyər: “Mən onsuz da belə biriyəm". Bu cümlə isə insanın daxili inkişafını əngəlləyən bir cümlədir.



Nəticə etibarilə, bəhanələr qısa müddətlik insanı rahatladar. Vicdanın ağrısını bir növ ağrıkəsici kimi dindirmiş olar. Uzun müddətli bir periodda isə bəhanələr yerinə yetirilməmiş işləri çoxaldar. Edilməyən zənglər, yazılmayan mesajlar, başlanmayan həyatlar və s. Bütün bunlar sanki bağlı bir qutunun içində toplanıb qalar və insan oğlu bir gün o qutunu açar. İçindəkilər olduqca tozlanan və ona xeyli tanışdır. Hələ də onları yerinə yetirmək mümkündür, amma o an insanın içindən belə bir hiss keçər: “Mən vaxtilə həqiqətən, bunları istəmişəm?" İnsan oğlu bu hissə qapıldığı an içində bir günəştək yeni bir bəhanə doğar.


Ürfət Mirzəyev

#bəhanələr #nəticə #səbəb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər