Bölgə layihələrinin qəbul olunmasında insanların iştirakına şərait yaradılmalıdır
“İnsanların daxili miqrasiyasını, eyni zamanda isə əhalinin Bakı və ətrafında ərazilərdə təmərküzləşməsini şərtləndirən əsas sosial-iqtisadi faktorları bir neçə mərhələyə bölmək olar”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov söyləyib.
"Faktiki olaraq bölgələrdə tarazlı olmayan iqtisadi inkişaf və bunun doğurduğu işsizlik. İnsanlar demək olar ki, dövlət və aqrar sahə xaric olmaqla, digər sahələrdə çox az iş imkanları əldə edə bilirlər. Belə olduğu təqdirdə isə əmək bazarı nisbətən aktiv olan paytaxt və ətrafına yönəlir”.
İqtisadçı deyir ki, Azərbaycan iqtisadiyyatı neft faktoru da nəzərə alınmaqla, Abşeron və ətrafında daha çox müstəqillik dövründə təmərküzləşdi.
“Təsadüfi deyil ki, iqtisadiyyatın da 70%-80%-i biz nəzərə alsaq, məhz Bakı və Abşeronun payına düşür. Digər sahələr, məsələn iqtisadiyyata kapital qoyuluşları, əmək bazarında təklif olunan yeni iş yerləri kimi göstəricilərə baxanda biz görürük ki, məhz Abşeron daha böyük paya malikdir. Təxminən 75%-də bu istiqamətlərdə pay var”.
Rəşad Həsənov düşünür ki, bu imkanlar insanların məcburən köç etməsini şərtləndirir.
“Amma bununla yanaşı, eyni zamanda nəzərə almaq lazımdır ki, digər faktorlar da bura müəyyən qədər təsir göstərir. Məsələn, sosial infrastrukturun olması, regionlarda keyfiyyətli təhsilə, səhiyyəyə çıxış imkanlarının məhdudluğu, ictimai həyatın qaynar olmaması, gənc nəslin artıq müasir həyat tərzinə uyğun olaraq daha fərqli fəaliyyəti, məşğulluq növləri istiqamətində axtarışları, təhsil sisteminin daha çox Bakıda (xüsusilə ali təhsil) olması və s. Bütün bunlar insanları məhz Bakı və ətrafına cəlb edir”.
İqtisadçı düşünür ki, regionların tarazlı inkişafı ən vacib faktorlardan biri olmalıdır.
“Eyni zamanda isə regionlarda məşğulluq təmin olunmalıdır. İqtisadiyyatın liberallaşdırılması fəaliyyətlərinin genişləndirilməsi yolu ilə bu istiqamətdə təşəbbüslər dəstəklənə bilər. Təbii təşviqlər də öz yerində, yerli özünüidarəetmənin inkişaf etdirilməsi icra hakimiyyəyi institutunun hökmünün statusunun zəiflədilməsi məsələləri gündəmdə olmalıdır”.
Müsahib təklif edir ki, insanlar yerli icmalarda söz sahibi kimi qərar qəbuletmə məsələlərində, öz bölgələrinin ictimai-siyasi proseslərində iştirak etmə hüquqlarını əldə edə bilməlidirlər.
“Xüsusilə də, bölgənin infrastruktru ilə, sosial həyat tərzi ilə nisbətən strateji bölgə üçün əhəmiyyətli hesab olunan layihələrin qəbul olunması ilə bağlı insanların iştirakına şərait yaradılmalıdır. Bugünkü şərtlər daxilində insanlar bu proseslərin heç birində iştirak edə bilmir. Hətta öz doğma yerlərində belə baş verən proseslərə nabələd qalırlar, kənardan baxmalı olurlar. Onlar da öz növbəsində həllini tapmalıdır”.
Rəşad Həsənovun sözlərinə görə, burada daha çox təşviqlərlə bu istiqamətdə müəyyən işlər görmək olar.
“Məsələn dövlət qurumlarının şəhərdən kənarlaşdırılması, paytaxtdan kənarlaşdırılması, az əhəmiyyətli dövlət qurumlarının, təhsil infrastruktrunun kənarlara doğru yönəlməsi, regionlarda keyfiyyətli təhsil üçün mühitin formalaşdırılması, sahibkarlıq üçün əlverişli şəraitin yaradılması, bütövlükdə bu çərçivədə görülməli olan işlərin bir qismi bunlardır”.
Müsahib düşünür ki, bu prosesin özünə kompleks yanaşılmalıdır.
“Hansısa formada, maddi, mənəvi, iqtisadi,sosial fərqlər kompleks şəkildə, paralel şəkildə həll edilməklə, bu istiqamətdə mövcud olan nəzarətsiz qalmış urbanizasiyanın və yaxud da daxili miqrasiyanın qarşısını almağa kömək edə bilər”.
İqtisadçı sonda qeyd edir ki, işğaldan azad olunan ərazilərin bərpa planları, məskunlaşma məsələləri, bu aspektdən qiymətləndirilməlidir.
“O insanların gələcəkdə daimi məskunlaşması üçün onların mənəvi, iqtisadi, hüquqi, sosial əsasları yaradılmalıdır. Bütün bu inkişaf planları və strategiyalar müvafiq parametrlər üzərində və tarazlı inkişafa hədəflənməlidir”.
Gülay Qəribova
