Toyuq paketlərindəki gizli təhlükə
Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.
Mövzu ilə bağlı qida eksperti Seymur Qafarov “İnformator.az” a açıqlamasında bildirib ki, toyuq alarkən təhlükəsizlik qaydalarına və saxlanma şərtlərinə diqqət etmək vacibdir:
“Toyuq məhsulu yüksək riskli qida məhsulu kateqoriyasına düşür. Məhsulu alan zaman istehlakçılar qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. İlk növbədə, bu məhsulu aldıqda onu satan yerdən, yəni mağaza və ya bazardan məhsula dair ekspertiza aktını tələb etməlidirlər. Bu akt Qida Təhlükəsizliyi Agentliyinin apardığı laboratoriya nəticələrinə əsasən istehsalçıya verilir. Digər mühüm məqam orqanoleptik göstəricilərlə bağlıdır. İstehlakçılar qablaşdırmanın tamlığına, məhsulda hər hansı fiziki çirklənmənin olub-olmamasına və qablaşdırılan məhsulun daxilində artıq su qalığının olmamasına diqqət etməlidirlər.
Dondurulmuş və sonradan yenidən əridilən toyuq məhsulları sağlamlıq üçün ciddi risklər yaradır. Bu cür məhsullar zəhərlənmə, qusma, ishal kimi hallara səbəb ola bilər. Çünki məhsul donmuş vəziyyətdə gətirildikdə mütləq dondurucuda saxlanmalıdır. İstifadə etmək qərarına gəldikdə isə məhsul mənfi 18°C temperaturdan götürülərək 0 ilə müsbət 5°C temperatur aralığında olan soyuducu bölməsinə yerləşdirilməlidir. Təbii şəkildə əridildikdən sonra hissələrə bölünüb istifadə olunmalıdır. Bu, düzgün defrostasiya prosesi zamanı və sonrasında məhsulun təhlükəsiz istifadəsini təmin edir. Eyni zamanda, dünya təcrübəsində soyuq suda defrost üsulu da tətbiq olunur. Bu zaman su hər 30 dəqiqədən bir dəyişdirilməlidir. Qablaşdırılan bəzi hissələri mikrodalğalı sobada da əridmək mümkündür. Lakin bütöv toyuq məhsulunun defrost prosesi mütləq 0 ilə müsbət 5°C temperatur aralığında, soyuducuda aparılmalıdır. Toyuq məhsulunun qablaşdırma daxilində olan mayenin miqdarı və rəngi də diqqətlə yoxlanmalıdır. Yeni məhsulda az miqdarda şəffaf maye ola bilər ki, bu da toyuğun təbii su aktivliyi ilə bağlıdır. Lakin maye bulanıqdırsa və ya həddindən artıqdırsa, bu, məhsulun köhnə olmasına və ya saxlanma şəraitinin pozulmasına işarə edir. Eyni zamanda, 523 saylı “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə əsasən, məhsul alınarkən üzərindəki etiket məlumatları diqqətlə yoxlanmalıdır. Qanunun 17.2-ci bəndinə görə, etiketdə saxlama şəraiti (temperatur və rütubət göstəriciləri), 100 qramlıq məhsulun qida və enerji dəyəri, istehsal və son istifadə tarixləri, tərkib məlumatları, barkod və istifadə təyinatı ilə bağlı məlumatlar mütləq qeyd olunmalıdır”.
Arzu Poladova