Böyük bayram yeməyi beyin üçün nə edir?
Bayram günlərində bir çox insan həddindən artıq yeməyə meyil edir. Bu cür bol süfrələrin bədənə və xüsusilə beyinə qısamüddətli təsirini alimlər araşdırıb.
Həddindən artıq yemək zamanı nə baş verir?
Yemək yeyərkən bağırsaqlardan və mədəaltı vəzidən ifraz olunan hormonlar beyinə toxluq siqnalı göndərir. Bu proses “toxluq zənciri” adlanır. Həmin hormonlar insulin ifrazını artırıb qan şəkərini tənzimləyir. Böyük yeməkdən sonra yaranan yuxululuq hissinin də bu hormonlarla əlaqəli olduğu düşünülür, lakin mexanizm tam aydınlaşmayıb.
Təkcə bir dəfə çox yemək zərərlidirmi?
Araşdırmalar göstərib ki, ara-sıra həddindən artıq yemək sağlam insanlarda maddələr mübadiləsinə ciddi zərər vurmur. Bir təcrübədə iştirakçılar normadan iki dəfə çox yemək yesə də, qan şəkəri və qan yağları təhlükəli səviyyəyə qalxmayıb. Orqanizm daha çox insulin və bağırsaq hormonları ifraz edərək tarazlığı qoruyub.
Uzunmüddətli çox yemək riski.
Lakin saatlarla davam edən yeyib-içmə və spirtli içkilər bədəndə metabolik pozulmalara səbəb ola bilir. Belə hallarda qaraciyərdə yağlanma artır, bu isə uzun müddətdə beyində oksigen çatışmazlığı və iltihab riskini yüksəldir.
Niyə orqanizm bir dəfəlik çox yeməyə dözür?
Alimlər bunu təkamüllə izah edir. İnsan orqanizmi aclığa qarşı uyğunlaşıb, çünki aclıq həyati təhlükə yaradır. Həddindən artıq yemək isə qısa müddətdə ölümcül olmadığı üçün bədən buna müəyyən qədər dözə bilir.
Nə yeyilməsi də önəmlidir.
Bir neçə gün ardıcıl olaraq şəkərli və yağlı qidaların çox yeyilməsi beyində insulinə həssaslığı azalda bilir. Tədqiqatlarda göstərilib ki, bu halda iştahanı və yaddaşı tənzimləyən beyin sahələri zəifləyib, hətta çəki artımı olmasa belə.
Alimlərin fikrincə, bir dəfəlik bayram süfrəsi beyinə ciddi zərər vurmur. Ancaq bu hal günlərlə davam edərsə, bədən və beyin üçün mənfi təsirlər yarana bilər. Buna görə də bayramdan həzz almaq olar, amma ölçünü aşmadan.
BBC
Reyhan Quliyeva
