Bərbərlər: Hələ də insanlığa səbr edənlər
Bərbərlər dünyanın ən səbrli, dözümlü və ən çox "lazımsız söhbət" yükünü daşıyan varlıqlardır. Çünki gün ərzində onlarla fərqli baş, saç modeli və saysız-hesabsız bitib tükənməyən fikirlərlə qarşılaşırlar, amma yenə də heç nə olmamış kimi gülümsəməyi bacarırlar. Bu, heç bir elmin izah edə bilmədiyi bir dözüm və səbr nümayişidir.
Səhər saat 8-9 arası bərbər dükkanı açılar, ortalıq təmizlənər və televizor işə salınar. Amma televizordakı xəbərə nə baxan, nə də dinləyən var. Çünki bərbərxanada əsas gündəm müştərinin olub-olmamasıdır. Günortaya doğru ilk müştəri içəri girər və kresloya əyləşdikdən sonra bərbərə” usta, qısa kəs, amma çox da qısa olmasın”,-deyər. Bu cümlə bərbərin peşə həyatındakı travmalar içərisində bəlkə də birinci yerdədir. Demək olar ki, bərbər hər saç kəsimində eyni xəbərdarlıqla qarşılaşır. Sanki bərbərin əlində sehrli bir qayçı var və saçı millimetr dəqiqliyi ilə qısa kəsəcək, amma saç qısa görünməyəcək. Bərbərlərin tez-tez rastlaşdığı digər bir istək isə "usta, yanları sıfıra vur, üstündən çox götürmə, elə et ki, həcmli görünsün” istəyidir. O an bərbərin beynindən yəqin ki, "mən bərbərəm, yoxsa memar?" sualı keçir. Amma bərbər yenə də etiraz etməz. Çünki bu peşənin yazılmayan bir qanunu vardır: "mümkün olmayan saç modeli yoxdur, sadəcə bir az səbr etmək lazımdır.
Bərbərlərin tez-tez eşitdiyi digər bir məşhur tələb isə belədir: "usta, keçən dəfə necə kəsmişdinsə, yenə elə kəs." O an bərbərin beynində bu düşüncələr dolanmağa başlayar. Keçən dəfə? Hansı keçən dəfə? Bir həftə əvvəl, yoxsa bir ay əvvəl? Bu müddət ərzində onlarla saç kəsimi edən adamdan bunu xatırlamağı gözləmək ayrıca bir istedad tələb edir. Amma təcrübəli bərbər heç nə olmamış kimi gülümsəyərək deyir: "narahat olma, eyni cür edəcəyik."
Və əlbəttə ki, bərbərlərin səbr kasasını daşıran mövzu siyasi söhbətlərdir. Bir müştəri içəri girər-girməz bərbərə "bu ölkə hara gedir?",- deyə sitəm etməyə başlayar. O an sanki bərbərin əlindəki qayçı belə qeyri-ixtiyari yavaşlayar. Bərbər hər sözünü ölçüb-biçər, nə o tərəfə, nə də bu tərəfə meyil edərək müştərinin könlünü xoş edər. Bir sözlə, bərbərlər təkcə saç kəsmirlər, həm də müştərinin əhvalını xoş tutub yola salırlar.
Ona görə də növbəti dəfə bərbərə getdiyinizdə ona elə kəs, belə kəs deməyin. Bu dəfə də təşəkkür edərək bildirin ki, "usta, insanlara və insanlığa bu qədər səbrlə yanaşdığın üçün çox sağ ol”.
Ürfət Mirzəyev