"Bərpa olunan enerjiyə keçidin qarşısında əsas maneə maliyyə məsələsidir" - Şaban Nəsirov
Asiya-Sakit okean regionunda bərpa olunan enerji mənbələrinin inkişafı üçün irimiqyaslı maliyyələşdirməyə ciddi ehtiyac olduğu bildirilib. Bu barədə Asiya İnkişaf Bankı-nın rəhbərliyində təmsil olunan Joze Karluş Pereyra qurumun Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən işgüzar sessiyada çıxışı zamanı danışıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, Joze Karluş Pereyranın bu fikirləri səsləndirməsi daha çox təmsil etdiyi Asiya İnkişaf Bankının institusional baxışını əks etdirir:
"Belə beynəlxalq maliyyə qurumları üçün bərpa olunan enerji layihələri həm inkişaf prioritetidir, həm də maliyyələşdirmə portfellərinin genişləndirilməsi baxımından strateji istiqamətdir. Bu baxımdan onun çıxışı həm real problemlərin ifadəsi, həm də bankın gələcək fəaliyyət istiqamətlərinə uyğun mesaj kimi qiymətləndirilə bilər. Asiya-Sakit okean regionu bu gün həm sürətli iqtisadi artımın, həm də artan enerji tələbatının mərkəzində dayanır. Bu reallıq fonunda bərpa olunan enerji mənbələrinə keçid zərurətə çevrilsə də, Joze Karluş Pereyranın vurğuladığı kimi, əsas maneə məhz maliyyə məsələsidir.
İlk növbədə, bu regionda bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində bir neçə əsas çətinlik var. Ən başlıcası yüksək ilkin investisiya tələbləridir. Günəş və külək enerjisi uzunmüddətli perspektivdə sərfəli olsa da, başlanğıc xərcləri bir çox ölkələr üçün ağır yükdür. Digər problem isə maliyyə risklərinin yüksək olmasıdır: siyasi qeyri-sabitlik, tənzimləmə mühitinin tez-tez dəyişməsi və valyuta riskləri investorları çəkindirir. Bundan əlavə, bəzi ölkələrdə texnoloji və institusional infrastrukturun zəif olması layihələrin həyata keçirilməsini ləngidir. Bu vəziyyətdə enerji keçidini sürətləndirmək üçün ənənəvi maliyyə alətləri kifayət etmir. Burada “yaşıl istiqrazlar”, qarışıq maliyyələşdirmə , dövlət-özəl tərəfdaşlığı və beynəlxalq maliyyə institutlarının zəmanət mexanizmləri kimi innovativ yanaşmalar ön plana çıxır. Xüsusilə, risklərin bir hissəsinin beynəlxalq qurumların üzərinə götürməsi özəl sektorun daha fəal iştirakını təmin edə bilər. Eyni zamanda, karbon bazarlarının inkişafı və karbon kreditlərinin ticarəti də əlavə maliyyə mənbəyi rolunu oynaya bilər. Bərpa olunan enerji mənbələrinin genişləndirilməsi uzunmüddətli perspektivdə enerji təhlükəsizliyinə müsbət təsir göstərir. Bu, ölkələrin idxal olunan fosil yanacaqlardan asılılığını azaldır, qiymət dalğalanmalarına qarşı daha dayanıqlı sistem yaradır və enerji təchizatını daha diversifikasiya edir. Bununla yanaşı, yerli resurslara əsaslanan enerji istehsalı iqtisadi sabitliyi gücləndirir və ekoloji riskləri azaldır".
Aişə Mustafayeva