00:00:00
Yazar
Elmira Ağayeva
04.05.2026 16:17 17 2 dəq oxuma
Sosial

BƏT-lə əməkdaşlıq çərçivəsində uşaq əməyinə qarşı mübarizə müzakirə olunub

BƏT-lə əməkdaşlıq çərçivəsində uşaq əməyinə qarşı mübarizə müzakirə olunub

Azərbaycanda uşaq əməyinin aradan qaldırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında üçtərəfli görüş keçirilib. Görüşdə qlobal çağırışlar, hüquqi mexanizmlər və bu sahədə praktiki yanaşmalar müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Tural Məmmədli bildirib ki, uşaq əməyinin mövcudluğu ilk növbədə sosial-iqtisadi reallıqlarla bağlıdır:

 

“Ailələrin maddi çətinlikləri, regionlar arasında inkişaf fərqləri və bəzi hallarda təhsilə münasibətdə yetərli həssaslığın olmaması uşaqların erkən yaşda əmək fəaliyyətinə cəlb olunmasına səbəb olur. Xüsusilə kənd yerlərində bu hal çox zaman ‘ailəyə kömək’ kimi qəbul edilir və problem kimi dəyərləndirilmir. Son illərdə dövlətin həyata keçirdiyi sosial dəstək proqramları, təhsilin əlçatanlığının artması və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində uşaq əməyinin ağır formalarında azalma müşahidə olunsa da, qeyri-formal sahələrdə bu problem hələ də tam aradan qalxmayıb.

 

 

Eyni zamanda, cəmiyyət daxilində bu məsələyə münasibət də birmənalı deyil. Rəsmi səviyyədə uşaq əməyinə qarşı ciddi mübarizə aparılsa da, bəzi sosial qruplar üçün bu, hələ də iqtisadi zərurət və ya tərbiyə üsulu kimi qəbul olunur. Digər tərəfdən, xüsusilə şəhər mühitində və maariflənmiş təbəqələr arasında uşaqların əməyə cəlb olunması artıq hüquq pozuntusu kimi qiymətləndirilir və bu istiqamətdə ictimai həssaslıq artır. Bu baxımdan hesab edirəm ki, uşaq əməyinin aradan qaldırılması yalnız inzibati və hüquqi tədbirlərlə deyil, eyni zamanda cəmiyyətin düşüncə tərzinin dəyişdirilməsi, maarifləndirmə və sosial dəstək mexanizmlərinin gücləndirilməsi ilə mümkün olacaq”.

 

Ədilə Hüseynzadə

#BƏT #gündəm #uşaq əməyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər