"Bəzi seriallar gənclərdə ciddi psixoloji pozuntular yaradır" - Elçin Bayramlı
Televiziya serialları uzun illərdir ki, cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə, gənclər arasında geniş izləyici auditoriyasına malik olan seriallar təkcə əyləncə vasitəsi deyil, eyni zamanda dəyərlərin, davranış modellərinin və həyat tərzinin formalaşmasında mühüm rol oynayan sosial təsir alətidir. Ekranda təqdim olunan münasibətlər, uğur anlayışı, ailə modeli, sevgi və dostluq təsvirləri gənclərin dünyagörüşünə birbaşa və ya dolayı şəkildə təsir göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Elçin Bayramlı bildirir ki, televiziya serialları son dövrlərdə cəmiyyətə psixoloji və mənəvi təsir göstərən ən ciddi vasitələrdən birinə çevrilib:
“ Xüsusilə, son 30–40 il ərzində bu seriallar gənclərin, eləcə də digər yaş qruplarının həyata baxışlarının formalaşmasında mühüm rol oynayıb, onların psixologiyasına təsir edib və bir çox hallarda davranış modellərini dəyişdirib. Subliminal mesajlardan tutmuş açıq şəkildə təbliğ olunan ideyalara qədər müxtəlif təsir mexanizmləri mövcuddur. Bu baxımdan seriallar olduqca vacibdir və onların çəkilişi zamanı bir çox məqamlara xüsusi diqqət yetirilməlidir”.
Həmçinin müsahib qeyd edir ki, seriallar cəmiyyətə faydalı mövzular əsasında hazırlanmalıdır:
“ Bu ekran işlərində insanlıq, dostluq, mənəvi dəyərlər, vətənpərvərlik, dövlətçilik qüruru, tarixə hörmət, böyüyə-kiçiyə ehtiram kimi anlayışlar elə təqdim oluna bilər ki, hadisələr həyatın reallıqlarını əks etdirsə də, cəmiyyətə neqativ deyil, pozitiv təsir göstərsin, sağlam və müsbət dəyərləri təbliğ etsin. Təcrübə göstərir ki, həm Azərbaycanda, həm də Türkiyədə bu cür mənəvi dəyərləri ön plana çəkən, düşündürücü və faydalı seriallar mövcuddur və tamaşaçılar tərəfindən də maraqla qarşılanır. Bu da onu göstərir ki, serialın mütləq şəkildə kriminal mövzu üzərində qurulması və ya əxlaqi deqradasiyaya səbəb ola biləcək süjetlərə yönəlməsi əsas şərt deyil. Normal, gündəlik həyat mövzularından da keyfiyyətli və maraqlı seriallar hazırlamaq mümkündür və belə layihələr cəmiyyət tərəfindən müsbət qarşılanır. Ona görə də bu sahəyə diqqət və nəzarət vacibdir. Cəmiyyət özü də sağlam mövqeyini ortaya qoymalı, keyfiyyətli və faydalı serialları seçərək dəstəkləməlidir. Eyni zamanda, müvafiq qurumlar da bu sahədə müəyyən tənzimləyici və nəzarət mexanizmlərini tətbiq etməlidir. Çünki biz gənclərimizi sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə etməliyik. Onlara aşılanmalı olan keyfiyyətlərin formalaşmasında seriallar mühüm vasitələrdən biridir. Bu səbəbdən sahədə ciddi və səmərəli nəzarət sistemi qurulmalıdır. Əgər bunu bacarsaq, gənc nəslimizi milli şüur, dövlətçilik düşüncəsi, vətənpərvərlik və yüksək mənəvi dəyərlər ruhunda formalaşdıra bilərik. Sağlam cəmiyyət isə güclü dövlətin əsas dayağıdır. Məsələyə məhz bu prizmadan yanaşmaq və serial sahəsində məsuliyyətli mövqe sərgiləmək vacibdir”.
Ədilə Hüseynzadə
