00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 20:51 37 2 dəq oxuma
Sosial

Bağçalarda qidalanma necə olmalıdır?

Bağçalarda qidalanma necə olmalıdır?

Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanması onların həm fiziki, həm də zehni inkişafında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, bağçalarda təqdim olunan qidalar uşaqların yaş xüsusiyyətlərinə uyğun, vitamin və mineral baxımından zəngin olmalıdır.

 

Mövzu ilə bağlı valideyn Nəzrin Eyyuboğlu bildirib ki, ümumilikdə, bağçada uşaqlara təqdim olunan yeməklərdən razıyam, amma tam şəkildə deyil:

 

"Düşünürəm ki, menyuda karbohidratlı qidalar bir qədər çox üstünlük təşkil edir. Bununla yanaşı, meyvə saatlarının təşkil olunması və uşaqlara meyvə verilməsi müsbət haldır. Sadəcə, bəzi hallarda porsiyalar bir qədər böyük və daha doyumlu ola bilər. Məncə, bağçalarda qida keyfiyyətinə nəzarət var, amma bu sahəyə daha çox diqqət yetirilsə daha yaxşı olar. Xüsusilə, yeməklərin tərkibi, məhsulların keyfiyyəti və uşaqların balanslı qidalanması məsələləri daim nəzarətdə saxlanılmalıdır". 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən qida eksperti Məhsəti Hüseynova bildirib ki, bağçalarda qidalanmaya ciddi nəzarət olunmalıdır:

 

"Həm bağça rəhbərliyi, həm də aidiyyəti dövlət qurumları bu məsələyə mütəmadi nəzarət etməlidir. Uşaqlara təqdim olunan yeməklər əvvəlcədən müəyyən edilən menyular və normalar əsasında hazırlanmalıdır". 
 

Məhsəti Hüseynova qeyd edib ki, qidalar müxtəlif yaş qruplarının ehtiyacına uyğun şəkildə hazırlanmalı, vitamin və mineral balansını təmin etməlidir:

 

"Yeməklərin təbii və təzə məhsullardan hazırlanması vacibdir. Dövlət və özəl bağçalarda yeməklər fərqli formada təqdim oluna bilər. Lakin əsas məqsəd uşaqların sağlam böyüməsi və inkişafı üçün lazım olan qida dəyərlərini təmin etməkdir".


O əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkilinə səhiyyə və qida sahəsinə cavabdeh qurumlar tərəfindən nəzarət edilməlidir. Bağçalarda çalışan və yeməkləri hazırlayan personal da mütəmadi tibbi müayinədən keçməlidir.

 

Aişə Mustafayeva

#gündəm #olmalıdır? #bağçalarda #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər