Bahalaşma gənclərin həyatına necə təsir edir?
Son illərdə qiymət artımı gənclərin gündəlik həyatına, gələcək planlarına və seçimlərinə birbaşa təsir göstərir. Təhsil, kirayə, nəqliyyat və qida xərclərinin artması gənclərin müstəqil yaşamaq imkanlarını məhdudlaşdırır və sosial rifah səviyyəsini aşağı salır.
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov "İnformator.az" saytına açıqlamasında bildirib ki, bahalaşma gənclərə bir çox məhdudiyyətlər qoyur:
"Bahalaşma gənclərin karyera və təhsil planlarına birbaşa təsir göstərərək onların seçimlərini məhdudlaşdırır. Təhsil haqları, kirayə və gündəlik xərclərin artması bir çox gənci oxuduğu ixtisasdan imtina etməyə, işləməklə təhsili paralel aparmağa və ya daha tez gəlir gətirən, lakin maraq dairəsinə uyğun olmayan sahələrə yönəlməyə məcbur edir. Xaricdə təhsil və ya əlavə ixtisaslaşma planları isə maddi səbəblərə görə təxirə salınır və ya tamamilə ləğv olunur.
Maddi çətinliklər gənclərin psixoloji vəziyyətinə də ciddi təsir edir. Davamlı pul qayğısı stress, narahatlıq və gələcəklə bağlı qeyri-müəyyənlik hissini gücləndirir. Öz ehtiyaclarını qarşılaya bilməmək gənclərdə özgüvən azalmasına, uğursuzluq qorxusuna və emosional yorğunluğa səbəb olur. Bu vəziyyət zamanla motivasiyanın düşməsi və ümidsizlik hissi ilə nəticələnə bilər.
Gənclərin daha gec müstəqil həyata başlamasının əsas səbəblərindən biri də məhz artan yaşayış xərcləridir. Sabit və yetərli gəlirin olmaması, kirayə qiymətlərinin yüksəkliyi və sosial təminatın zəifliyi gəncləri ailə ilə birlikdə yaşamağa davam etməyə məcbur edir. Bu isə həm maddi asılılığı uzadır, həm də şəxsi həyat planlarının gecikməsinə səbəb olur.
Bu şəraitdə gənclər müxtəlif çıxış yolları axtarmağa başlayırlar. Əlavə gəlir mənbələri tapmaq, onlayn işlərə və frilans fəaliyyətlərə yönəlmək, xaricdə işləmək və ya təhsil almaq imkanlarını araşdırmaq daha çox aktuallaşır. Eyni zamanda, gənclər xərcləri azaltmağa, prioritetlərini yenidən müəyyənləşdirməyə və uzunmüddətli planlarını mövcud şəraitə uyğunlaşdırmağa çalışırlar".
Ayisə Şərifova
