Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Artan sərnişin tələbatını qarşılamaq məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC 20 və 21 dekabr tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Məlumata görə, sərnişinlər eyni zamanda gündəlik fəaliyyət göstərən Bakı–Qazax–Bakı marşrutundan da istifadə edə bilərlər. Biletlər dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və “ADY Mobile” tətbiqi vasitəsilə satışa çıxarılıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bayramlarda qiymət artımı olur, çünki tələb artır və bu da təbiidir:
"Bu mövzuda xüsusi şərh veriləcək bir hal görmürəm. İllərdir eyni hal təkrarlanır, statistikaya baxsaq, monitorinqlərə nəzər yetirsək, görərik ki, bu tip xəbərlər bayramlar ərəfəsində həmişə olur. Əgər mobil tətbiqdən (məsələn, ADY Mobility) istifadə edərək yoxlasaq, görmək olar ki, bu istiqamətə (Bakı–Gəncə və ya Bakı–Hacıqabul xətti nəzərdə tutulursa) gündəlik olaraq iki sabit reys mövcuddur. Bayram və tələbat artan günlərdə isə bu reyslərin sayı müvəqqəti olaraq artırılır -beşə və ya altıya qədər çıxır. Bu, adi praktikadır və "daimi reys" anlayışı da məhz bu gündəlik sabit iki qatar reysini əhatə edir. Bayram dövründə əlavə reyslərin təşkil olunması isə ehtiyac və tələbat əsasında baş verir.
Orada bir məsələ var ki, bu, növbəti illərdə öz təsirini göstərəcək. Söhbət ondan gedir ki, 2026–2027-ci illərdə Bakı ilə Hacıqabul arasındakı dəmir yol xəttində dəyişən cərəyan sisteminə keçid tam şəkildə tamamlandıqdan sonra, artıq alınmış yeni dəyişən cərəyanla işləyən qatarları tam olaraq istismar etmək mümkün olacaq. Bu da reyslərin sayına birbaşa təsir edəcək. Yəni, hazırda gördüyümüz vəziyyət mövcuddur, amma çox güman ki, 2027-ci ilin sonuna qədər ciddi dəyişikliklər gözlənilir".
Aişə Mustafayeva
