Bakı Dövlət Universiteti İlə FAO arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı Dövlət Universitetində FAO-nun Azərbaycandakı nümayəndəsi, eləcə də təşkilatın Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Hayatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə mövcud əməkdaşlıq istiqamətləri, icra olunan layihələrin nəticələri və gələcək birgə fəaliyyət imkanları ətraflı müzakirə edilib.
Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, əsas məsələ tələbələrin təcrübə proqramlarına cəlb edilməsidir:
“Ən vacib məqam tələbələrin təcrübə proqramlarında iştirakıdır. Bu proqramlar FAO kimi beynəlxalq təşkilatların ofislərində, tədqiqat layihələrində və sahə ekspedisiyalarında həyata keçirilə bilər. Müvafiq ixtisaslar üzrə layihələrə cəlb olunan tələbələr işi birbaşa praktik mühitdə öyrənirlər. Bu, onların ixtisaslarını daha dərindən mənimsəməsinə və gələcək karyeralarında real təcrübədən istifadə etməsinə imkan yaradır. Onlar gələcəkdə FAO-da və ya Azərbaycanın dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərə bilərlər. Bu cür əməkdaşlıqlar universitetlərin elmi potensialını və layihələrdə iştirak imkanlarını artırmaqla yanaşı, tələbələrin məşğulluq göstəricilərinə də müsbət təsir göstərir. FAO kimi beynəlxalq təşkilatlarla qurulan tərəfdaşlıq universitetin elmi gücünü artırır, müəllim və tələbələrin beynəlxalq təcrübə qazanmasına şərait yaradır. Bu, həm universitetlər, həm də beynəlxalq təşkilatlar üçün qarşılıqlı faydalıdır. Kənd təsərrüfatı Azərbaycanda prioritet sahələrdən biridir və dövlətin diqqət mərkəzindədir. Biomüxtəlifliyin qorunması və dayanıqlı kənd təsərrüfatı modelinin qurulması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ali təhsilin əsas problemlərindən biri təhsilin əmək bazarının tələblərinə tam uyğunlaşmamasıdır. FAO-nun təcrübəsindən istifadə etməklə həm müəllimlərin peşəkar inkişafına, həm də tələbələrin praktiki bacarıqlarının artırılmasına nail olmaq mümkündür”.
Aydan Əsgərxanlı
