Bakı metrosundan istifadə edənlərin sayı azalıb
Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 2025-ci ilin yanvar–noyabr aylarında 205 milyon 15,5 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azalma deməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metropoliten xətlərinin inkişafı, öz növbəsində, şəhərin mobillik planlarının inkişafına xüsusi dəstək verəcək:
"Bakı metropolitenində sərnişin rahatlığı əsasən təmin olunacaq, eyni zamanda şəhərin digər nəqliyyat növləri ilə inteqrasiya olunan şəkildə fəaliyyət təmin olunacağından metroda sərnişin axınının azalması deyil, əksinə şəhərdə insanların həyatının və sosial mühitinin daha da yaxşılaşmasına müsbət və dinamik təsir edəcək. Ən vacibi isə insanların şəxsi avtomobillərdən çox ictimai nəqliyyata üstünlük verməsinə təkan verəcək, həmçinin əlavə 88 milyon sərnişinin rahat və təhlükəsiz daşınması potensialı yaranacaq".
"İnformator.az"a danışan Milli Aviasiya Universitetinin tələbəsi Zəka Yusifov bildirib ki, Bakı metrosundan istifadə edənlərin sayının azalması gündəlik gediş-gəlişi həqiqətən bir qədər rahatlaşdırır:
"Pik saatlarda vaqonlar əvvəllər olduğu qədər sıx olmur, insanlar bir-birinə sıxışmır, nəfəs almaq, oturacaq tapmaq və ya dayanacaqda gözləmək indi bir az daha asan olur. Bu, sadəcə fiziki rahatlıq deyil, eyni zamanda gündəlik stressi də azaldır. Eyni zamanda, metroya minərkən insanları itələyib-döymək, ayaq üstə uzun müddət qalmaq kimi narahatlıqlar azaldığı üçün səyahət daha xoş və sakit keçir. Ümumilikdə isə metroda səyahət indi daha rahat, daha sakit və bəlkə də bir az daha insani olur, sanki şəhər bir anlıq nəfəs alır və biz də bu rahatlığı hiss edirik".
Aişə Mustafayeva
