"Bakı şəhərində gündəlik 2800 avtobus xəttə çıxarılsa,qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bakıda müntəzəm marşrut avtobusları ilə sərnişindaşımada rekord göstərici qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son məlumatlarına əsasən, oktyabr ayında Bakı üzrə müntəzəm marşrut avtobusları ilə 53 milyon 900 mindən çox sərnişin daşınıb. İlin ilk 9 ayında 386 milyon nəfərdən çox sərnişin avtobus xidmətlərindən istifadə edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki,
bu sahədə hazırda islahatlar gedir və demək olar ki, avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq addımlar atılır:
"Bu il həm dövlət, həm özəl şirkətlər tərəfindən 500-dən artıq avtobus Azərbaycana gətirilib, Bakı şəhərində hazırda istismar olunur, eyni zamanda Gəncədə də "BakuBus" fəaliyyətdədir.
Və bunlar təbii ki, yaxşı xəbərlərdir, pis xəbərlər odur ki, "Tələbat tam şəkildə ödənilirmi?" sualına hələlik cavab verə bilmirik, çünki bu istiqamətdə müəyyən problemlər var. Avtobusların sayı yetərli deyil, çünki Bakı şəhəri üzrə təxminən avtobusların sayı 2800 olsa, biz bunu normal qiymətləndirərik. Ondan aşağı göstərici təbii ki, yaxşı göstərici sayılmır. Bəli, pik saatlarda görürük, sərnişin sıxlığı yaranır, digər problemlər ortaya çıxır. 2800 avtobus Bakı şəhərində gündəlik xəttə çıxsa, mənə elə gəlir ki, qarşıya qoyulan hədəfə çatmış sayılarıq. Amma indi bunu biz deyə bilmirik. Metro şəbəkəsinin inkişafı ilə bağlı işlər görülür, yeni stansiyalar tikilir. Cənab Prezidentin verdiyi tapşırığa uyğun olaraq 2030-cu ilə qədər 10 yeni metro stansiyası istifadəyə verilməlidir. Və biz bunu səbirsizliklə gözləyirik, artıq sürətli şəkildə bu işlər görülür. Ümid edirik ki,vaxtında təhvil verə biləcəklər və sərnişinlərimiz də bundan faydalana biləcək.
İndiki halda isə deyə bilərik ki, görüləcək işlər hələ çoxdur. Çoxdur və buna da illər lazımdır. Çünki illərlə bu sahəyə cavabdeh olan qurumlar bu məsələlərlə ciddi şəkildə məşğul olmayıblar. Formal şəkildə məşğul olublar, o da bu gün bizi yarı yolda qoyur".
Səkinə Musayeva