Bakı–Tbilisi–Qars dəmir yolu ilə yükdaşımalar üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan Anlaşma Memorandumu Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunda yükdaşımaların genişlənməsini və üç tərəf arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Bu addım regional ticarət və tranzit sahəsində yeni imkanlar açır və ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, Memorandum BTQ dəmir yolunda yükdaşımaların artırılmasına və prosedurların sadələşdirilməsinə xidmət edir:
“Bu sənəd vasitəsilə tərəflər arasında koordinasiyanın gücləndirilməsi, logistika və tranzit sahəsində yeni imkanların formalaşdırılması mümkün olacaq. Eyni zamanda, Azərbaycanda inşa edilən və fəaliyyət göstərən Ələt Limanı, beynəlxalq Ələt kompleksi və Azad iqtisadi zonalar bu yükləşmələrdən böyük fayda əldə edəcək. Memorandum Azərbaycanın regional siyasi və iqtisadi üstünlüyünü daha da möhkəmləndirəcək. Azərbaycanın Orta Dəhlizdəki strateji mövqeyi bu sazişlə daha da önəmli hala gəlir. Bu, yalnız yükdaşımanın artırılması deyil, eyni zamanda ölkəmizin regional tranzit və ticarət imkanlarının genişlənməsinə də töhfə verir. Yükdaşımaların sürətləndirilməsi və həcminin artırılması ölkəmizin logistik infrastrukturuna əlavə investisiyalar cəlb edəcək. Memorandum üç ölkə arasında əməkdaşlığı gücləndirərək ticarət proseslərini sürətləndirəcək və yükdaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. BTQ dəmir yolu üzərindən yüklərin daha səmərəli və sürətli daşınması Azərbaycanın logistika infrastrukturu və regional iqtisadi təsirlərini gücləndirəcək. Eyni zamanda, bu layihə regional ticarət marşrutlarını diversifikasiya edir və alternativ tranzit imkanlarını artırır”.
Politoloq əlavə edib ki, memorandumun imzalanması ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında informasiya mübadiləsi, yük izləmə sistemləri və gömrük prosedurlarının sadələşdirilməsi üzrə yeni mexanizmlər də tətbiq olunacaq:
“Bu, regional əməkdaşlığı daha şəffaf və effektiv edəcək, həmçinin yüklərin vaxtında çatdırılmasını təmin edəcək. Bu sazişin uzunmüddətli perspektivdə Azərbaycanın Orta Dəhlizdə mövqeyini möhkəmləndirməsi, regional ticarət əlaqələrini genişləndirməsi və ölkənin iqtisadi potensialını artırması gözlənilir. Memorandum həmçinin Azərbaycanda yeni iş yerlərinin yaradılmasına, liman və logistika sektorunun inkişafına və regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək”.
Ayşə Müzəfərli
