Bakı və Tbilisi arasında teatr dialoqu: Memorandum nələri vəd edir?
Müasir teatr məkanı artıq sadəcə səhnə əsərlərinin nümayiş olunduğu yer deyil, həm də fərqli mədəniyyətlərin və peşəkar məktəblərin kəsişdiyi strateji dialoq platformasıdır. Beynəlxalq təcrübə mübadiləsi və böyük ustadların yaradıcılıq üslublarının yerli səhnədə tətbiqi teatrın həm bədii keyfiyyətini, həm də qlobal nüfuzunu formalaşdıran əsas amillərdən biridir.
Bu mühüm mədəni əməkdaşlıq çərçivəsində 28-29 apreldə Akademik Milli Dram Teatrının səhnəsində dünya şöhrətli rejissor Robert Sturuanın quruluşunda "Zəncirlənmiş Prometey" tamaşası nümayiş olunacaq. Rustaveli Milli Teatrının bu möhtəşəm səhnə əsəri Bakı tamaşaçıları üçün unikal sənət hadisəsinə çevriləcək.
Mövzu ilə bağlı Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı "İnformator.az"a açıqlama verib. Bildirib ki, dünya teatrının əfsanəvi rejissorlarından biri olan Robert Sturuanın Azərbaycana səfəri və "Zəncirlənmiş Prometey" tamaşası iki ölkənin teatr münasibətlərində yeni bir səhifə açır:
"Robert Sturua dünya teatrının ən böyük isimlərindən biridir. Onun Gürcüstan milli teatrının inkişafında və bu sənətin dünya miqyasında təbliğində əvəzsiz rolu var. Bu gün Robert Sturua sənəti ilə Akademik Milli Dram Teatrının işgüzar münasibətləri hər iki ölkənin teatr inkişafına, ümumən sənət dünyasına çox ciddi töhfələr vəd edir".
Cavid Zeynallı qeyd edib ki, iki ölkənin milli teatrları arasında imzalanan memorandum sadəcə sənəd deyil, gələcək layihələrin yol xəritəsidir. Bu əməkdaşlıq çərçivəsində artıq ilk addımlar atılıb və uğurlu nəticələr əldə olunub:
"İki teatr arasında şəxsən Robert Sturuanın və Gürcüstanın mədəniyyət nazirinin iştirakı ilə memorandum imzalanıb. Bu sənədin ən mühüm bəndlərindən biri qarşılıqlı qastrol səfərləridir. Artıq Akademik Milli Dram Teatrı 'Şükriyyə' tamaşasını Gürcüstanda nümayiş etdirib və Robert Sturua bu tamaşa haqqında çox yüksək fikirlər bildirib. İndi növbə Rustaveli teatrının kollektivindədir".
Perspektivlərdən danışarkən mətbuat katibi vurğulayıb ki, memorandum təkcə tamaşa nümayişi ilə məhdudlaşmır, bura daha dərin peşəkar mübadilələr daxildir. Yaxın gələcəkdə hər iki teatrın yaradıcı heyəti bir-birinin təcrübəsindən birbaşa yararlanmaq imkanı qazanacaq:
"Bu memorandum rejissor, aktyor, rəssam və işıq rəssamlarının mübadiləsini, müxtəlif ustad dərslərinin keçirilməsini nəzərdə tutur. Ən maraqlı məqamlardan biri isə odur ki, gələcəkdə Robert Sturuanın Azərbaycanda tamaşa hazırlaması, eyni zamanda azərbaycanlı rejissorun Gürcüstan Milli Teatrında əsər qoyması planlaşdırılır. Həmçinin Azərbaycan dramaturgiyasının nümunələrinin Gürcüstan səhnəsində yer alması məsələləri də müzakirə olunub".
Rustaveli Milli Teatrı və Akademik Milli Dram Teatrı arasındakı bu sıx əməkdaşlıq regionun iki böyük sənət ocağının təcrübə vəhdəti olmaqla yanaşı, həm də gələcək ortaq layihələrin təməlini qoyur.
Lalə Əhməd