00:00:00
Yazar
Səadət Əlizadə
24.11.2026 21:25 59 2 dəq oxuma
Sosial

Bakıda avtobuslardan istifadə kəskin artıb: Oktyabrda rekord göstərici qeydə alınıb

Bakıda avtobuslardan istifadə kəskin artıb: Oktyabrda rekord göstərici qeydə alınıb

Bakıda ictimai nəqliyyatdan istifadənin artım dinamikası davam edir. 2026-cı ilin yanvar-oktyabr aylarında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarla 440 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Təkcə oktyabr ayında isə təxminən 54 milyon sərnişin daşınaraq aylıq rekord qeydə alınıb.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yeni avtobusların gətirilməsi, intervalların tənzimlənməsi, avtobus zolaqları və nəqliyyat xərclərinə qənaət ictimai nəqliyyata marağı artırıb:

 

 

"Avtobusların sayının artması, intervallara nəzarətin gücləndirilməsi və yeni nəqliyyat vasitələrinin gətirilməsi sərnişin axınına müsbət təsir göstərir. Hazırda Bakıda 2400-2500 civarında avtobus fəaliyyət göstərir. Əvvəllər bu rəqəm təxminən 1800 olub. Bundan əlavə, avtobus zolaqları hesabına daha sürətli hərəkət imkanı və şəxsi xərclərə qənaət də insanların ictimai nəqliyyata üstünlük verməsini şərtləndirir".

 

 

Onun sözlərinə görə, sərnişin sayının artması bəzi marşrutlarda sıxlıq və narahatlıq yaratsa da, problemlərin vaxtında müəyyənləşdirilməsi onların həllinə imkan verir:


 

"Sərnişin sayının artması bəzi marşrutlarda sıxlıq və narahatlıq yaradır. Bütün avtobuslarda vəziyyətin ideal olduğunu demək mümkün deyil. Lakin yaranan problemlərin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsi onların aradan qaldırılmasına imkan verir".

 

Sonda o bildirib ki, Bakıda gündəlik xətdə avtobus sayının 2800-ə çatdırılması, avtobus parkının genişləndirilməsi və hərəkət intervallarına nəzarətin gücləndirilməsi nəzərdə tutulur:

 

"Bakı şəhəri üzrə gündəlik xətdə ümumilikdə 2800 avtobusun olması nəzərdə tutulur. Bu məqsədlə avtobus parkının genişləndirilməsi, yeni avtobusların gətirilməsi və hərəkət intervallarına nəzarətin davam etdirilməsi vacibdir. Xüsusilə sentyabr-oktyabr aylarında yeni dərs ilinin başlaması ilə sərnişin sayında artım müşahidə olunur və bu dinamikanın gələcəkdə də davam edəcəyi gözlənilir".


 

Fatimə İbrahimova

#kəskin #qeydə #avtobuslardan #azərbaycan #artıb:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər