00:00:00
Yazar
Elmira Ağayeva
24.11.2026 22:29 63 4 dəq oxuma
Sosial

Kolleclərin universitetlərin tabeliyinə verilməsi təhsil sistemində hansı dəyişikliklərə səbəb olacaq?

Kolleclərin universitetlərin tabeliyinə verilməsi təhsil sistemində hansı dəyişikliklərə səbəb olacaq?

 

Kolleclərin universitetlərin tabeliyinə verilməsi və IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması təhsil sistemində bir sıra dəyişikliklərə səbəb ola bilər. Bu qərarların təhsilin keyfiyyətinə, tələbələrin imkanlarına və şagirdlərin gələcək peşə seçiminə necə təsir göstərəcəyi diqqət mərkəzindədir.

Mövzu ilə bağlı İnformator.az-a açıqlamasında elm və təhsil uzmanı Afərim Seyidova bildirib ki, kolleclərdə tədris olunan bir sıra ixtisasların yüksək peşə təhsili pilləsində də mövcud olması bu istiqamətdə müəyyən dəyişiklikləri zəruri edir:

“Hazırda kolleclərdə mövcud olan bir çox ixtisaslar yüksək peşə təhsili pilləsində də tədris olunur. Bildiyimiz kimi, dövlət yüksək peşə təhsilini və ümumilikdə peşə təhsilini gücləndirməyə, inkişaf etdirməyə çalışır. Bu, çox müsbət addımdır. Demək olar ki, yüksək peşə təhsilinə kolleclərlə bərabər status verilib. Yüksək peşə təhsilini başa vuranlar da kollec məzunları kimi subbakalavr dərəcəsi əldə edir və ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanı qazanırlar. Bu baxımdan, kolleclərdə eyni tipli ixtisasların saxlanılması, bəlkə də, məqsədəuyğun deyil.

IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, əlbəttə ki, təhsil sisteminə təsir göstərəcək. Bu qərar şagirdlərin peşə seçiminə də təsirsiz ötüşməyəcək. Bir tərəfdən, onlara daha uzun müddət ümumi orta təhsil almaq və gələcək seçimlərini daha yaxşı müəyyənləşdirmək imkanı yaradılır. Digər tərəfdən isə erkən yaşda konkret peşəyə yönəlmək istəyən, praktik bacarıqlara üstünlük verən şagirdlərin imkanlarının məhdudlaşdırılması düzgün olmaz. Çünki peşə təhsilində məhz praktik bacarıqlar ön plana çıxır və bəzi şagirdlər də erkən yaşlarından bu bacarıqlara yiyələnməyə üstünlük verirlər.

Təhsil sistemində hər bir şagirdin maraq və qabiliyyəti nəzərə alınmalıdır. Burada əsas məsələ dəyişikliklərin tətbiqi deyil, onların hansı prinsiplər əsasında və necə həyata keçirilməsidir. Kolleclərə qəbul tamamilə məhdudlaşdırılmır. Sadəcə, bəzi ixtisaslar yüksək peşə təhsili pilləsində də mövcuddur və həmin ixtisaslar üzrə kadrlara ehtiyacın az olması səbəbindən qəbul məhdudlaşdırılır. Buna görə də əsas məsələ bu dəyişikliklərin hansı mexanizmlərlə həyata keçirilməsidir. Təhsil islahatları aparılarkən şagirdlərin gələcək əmək bazarına hazırlıqlı olması nəzərə alınmalıdır. Bunun üçün əmək bazarının gələcək tələblərini əvvəlcədən qiymətləndirmək vacibdir”.

Elm və təhsil uzmanı kolleclərin universitetlərin tabeliyinə verilməsinin tədris proqramları arasında ardıcıllıq yaradacağını, tələbələrin isə ali təhsil müəssisələrinin infrastruktur imkanlarından daha geniş istifadə edə biləcəyini qeyd edib:

“Kollec universitetin tabeliyinə verildikdə onun tədris proqramları və sillabusları universitetin tədris prosesi ilə ardıcıl şəkildə uzlaşdırılacaq. Əvvəllər, məsələn, subbakalavr dərəcəsi almağa çalışan tələbə kollecdə müəyyən proqram əsasında müxtəlif fənləri öyrənirdi. İndi isə həmin mövzular universitetdə tədris olunacaq fənlərin başlanğıc mərhələsini, bir növ, bazasını təşkil edə bilər. Beləliklə, universitetlə onun nəzdində fəaliyyət göstərən kollecin tədris proqramları arasında ardıcıllıq və məntiqi əlaqə yaranacaq.

Bu, mövcud boşluqların aradan qaldırılmasına kömək edə bilər. Belə ki, subbakalavr dərəcəsi alan tələbə universitetə qəbul olunduqda əvvəllər kollecdə keçdiyi fənlərlə ali təhsil müəssisəsində tədris olunan fənlər arasında ardıcıl əlaqənin olmadığını görürdü. Yeni yanaşma nəticəsində həmin əlaqə təmin oluna bilər.

Eyni zamanda, infrastruktur və kadr potensialı baxımından da uyğunluq yaranacaq. Universitetin nəzdində fəaliyyət göstərən kollecdə təhsil alan tələbələr geniş laboratoriyalardan, kitabxanalardan və digər müasir resurslardan daha geniş istifadə edə biləcəklər.

Bəzi tələbələr düşünə bilərlər ki, orta ixtisas təhsili daha çox peşə hazırlığına, praktikaya və təcrübəyə, universitet təhsili isə əsasən nəzəri biliklərə yönəlib. Lakin bu zaman kolleclərdəki peşəyönümlülük qorunmalıdır. Bu istiqamət saxlanılmalıdır ki, universitetdə həmin biliklər daha da təkmilləşdirilsin. Yəni bu iki təhsil pilləsi arasında qarşılıqlı əlaqə olmalıdır. Kollecdə əldə edilən peşəyönümlü bilik və bacarıqlar universitetdə də praktikaya əsaslanaraq inkişaf etdirilməlidir.

Bəs bunun peşə təhsilinə və şagirdlərin inkişafına hansı müsbət təsirləri ola bilər? Kollecə qəbul olan şagirdlər, daha doğrusu, tələbələr, adətən, yeniyetmə yaşlarında olurlar. Onlar hələ formalaşma dövründə olduqları üçün daha geniş imkanlara malik təhsil mühitinə ehtiyac duyurlar. Universitetin geniş infrastrukturu və güclü kadr potensialı olan mühitində təhsil almaq onların bilik və bacarıqlarını möhkəmləndirməsinə imkan yarada bilər. Eyni zamanda, tənqidi düşüncə və dünyagörüşlərinin formalaşmasına da müsbət təsir göstərə bilər.

Son olaraq qeyd edim ki, IX sinifdən sonra kolleclərə qəbul imkanları məhdudlaşdırılarsa, şagirdlər üçün peşə təhsili alternativi mövcuddur. Yuxarıda da qeyd etdiyim kimi, onlar peşə təhsili müəssisələrinə müraciət edə, dual təhsil alaraq daha çox praktik bacarıqlara yiyələnə bilərlər.

Kollec-universitet keçidi və təhsil proqramlarının uzlaşdırılması düzgün həyata keçirilərsə, bu iki təhsil müəssisəsi həqiqətən əlaqəli şəkildə fəaliyyət göstərərsə, nəticədə səmərəli təhsil modeli formalaşa və tələbələr üçün yeni imkanlar yarana bilər”.

Gülnar Mustafayeva

#verilməsi #tabeliyinə #səbəb #universitetlərin #dəyişikliklərə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər