00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
24.11.2026 19:48 63 2 dəq oxuma
Sosial

"Dəyişən dünyanın dəyişməyən dəyərləri - Azərbaycan qadınları"

"Dəyişən dünyanın dəyişməyən dəyərləri - Azərbaycan qadınları"

 

Hər bir xalqın kimliyini formalaşdıran əsas amillərdən biri onun milli-mənəvi dəyərləri və köklü ənənələridir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində qadının rolu xüsusi əhəmiyyət daşıyır. Zaman dəyişsə də, qadının ailədə və cəmiyyətdə daşıdığı məsuliyyət öz aktuallığını qoruyur.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mətanət Məmmədova qeyd edir ki, qadın Azərbaycan cəmiyyətində hər zaman mühüm yer tutub. O, yalnız ailənin deyil, həm də cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərin yetişdirilməsində əvəzsiz rol oynayıb:

 

"Keçmişdə qadınların təhsil almaq imkanları məhdud olsa da, onlar öz zəkaları, düşüncələri və həyat təcrübələri ilə ailənin və cəmiyyətin inkişafına böyük töhfə veriblər. Hətta bir çox hallarda kişilər də mühüm qərarlar qəbul edərkən həyat yoldaşlarının fikirlərindən və məsləhətlərindən yararlanıblar.Müasir dövrdə Azərbaycan qadını həm təhsil alır, həm işləyir, həm də sosial, mədəni və iqtisadi həyatda fəal iştirak edir. Qadının cəmiyyətdə fəal olması onun ailə dəyərlərindən uzaqlaşması demək deyil. Əksinə, təhsilli qadın övladlarını daha yaxşı tərbiyə edə, onların savadlı, mədəni və vətənpərvər yetişməsinə kömək edə bilər. Qadın ailə məsuliyyətləri ilə yanaşı, iş həyatını da uğurla davam etdirə bilir.

 

Qadınların ictimai həyatda iştirakının artırılması istiqamətində əvvəlki illərdə də mühüm təşəbbüslər irəli sürülüb. Məsələn, təxminən 20 il əvvəl Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayon və şəhər icra hakimiyyətlərində icra başçılarının müavinlərindən birinin qadın olması məsələsi gündəmə gətirilib. Bu təşəbbüs qadınların idarəetmədə və ictimai həyatda təmsil olunması baxımından əhəmiyyətli addımlardan biri olub.Azərbaycan qadınının mənəvi dəyərlərin qorunmasında rolu 44 günlük Vətən müharibəsində də aydın şəkildə göründü. Vətən uğrunda döyüşən şəhidlərimizin və qazilərimizin yetişməsində anaların verdiyi tərbiyə, aşıladığı vətən sevgisi və vətənpərvərlik hissi böyük rol oynayıb. Çünki uşağın ilk tərbiyəsi ailədə formalaşır və bu prosesdə ananın əməyi xüsusilə böyükdür.

 

Qadın yalnız ana və ailə üzvü deyil, həm də cəmiyyətin inkişafında iştirak edən fəal bir qüvvədir. Onun təhsil alması, işləməsi, sosial və mədəni həyatda özünü göstərməsi cəmiyyətin inkişafına müsbət təsir edir. Buna görə də qadınların bütün sahələrdə fəaliyyət göstərməsi dəstəklənməlidir. Azərbaycan qadını həm ailə dəyərlərinin qoruyucusu, həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürücüsüdür". 
 

Eskpert bildirir ki, müasir dövrdə texnologiyanın və sosial şəbəkələrin inkişafı milli-mənəvi dəyərlərə müəyyən təsirlər göstərsə də, bu dəyərlərin qorunması hər zaman vacibdir. Azərbaycan qadını tarixən olduğu kimi, bu gün də ailənin, cəmiyyətin və gələcək nəslin formalaşmasında mühüm rol oynayır. Onun təhsilli, fəal və mənəvi dəyərlərə bağlı olması cəmiyyətin inkişafına müsbət təsir göstərir. Əsas məqsəd milli kimliyimizi, ailə dəyərlərimizi və tərbiyə ənənələrimizi qoruyaraq gələcək nəsillərə ötürməkdir.

Ayan Məmmədzadə

#gündəm #xəbər #baki #dünyanın #dəyişməyən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər