Bakıda bitməyən avtobus problemi
Son zamanlarda vətəndaşların avtobuslarla bağlı şikayətləri artıb. Kimisi avtobusların dayanacağa gec gəldiyini, kimisi isə gecə saat 22:00-dan sonra avtobusların ümumiyyətlə işləmədiyini bildirir.
Mövzu ilə bağlı “İnformator.az” xəbər saytı olaraq həm vətəndaşların şikayətlərini, həm də aidiyyəti qurumların cavabını öyrəndik.
Saytımıza danışan tələbə Ada Hacızadə bu halların 10 nömrəli avtobusda tez-tez yaşandığını bildirib:
“Avtobusdan demək olar ki, hər gün istifadə edirəm. Son zamanlar 10 nömrəli avtobus dayanacağa gecikir. Əvvəllər tam vaxtında gələn avtobus artıq bir həftədən çoxdur ki, vətəndaşları çox gözlədir. Saat 13:30-da gəlməli olduğu halda, 14:00-da gəlir”.
Şəhər sakini Aygün Yusifova isə avtobusların 22:00-a qədər işləməsindən şikayətlənib:
“Mən işdən adətən 22:00-dan sonra çıxıram. Bu saatdan sonra avtobus tapmaq mümkün olmur. İş yerimlə evim arasında məsafə uzundur. Taksidən istifadə etmək məcburiyyətində qalıram, bu da mənə baha başa gəlir”.
Digər şikayətçi - avtobusdan daimi istifadə edən Pərvin Ayvazov da eyni narazılığı qeyd edib:
“Mən gündəlik olaraq işə və evə avtobusla gedib-gəlirəm. Axşam növbəsində qaldığım günlərdə 22:00-dan sonra avtobus tapa bilmirəm. Evim Binəqədidədir və şəhərlə arasındakı məsafə uzundur. Gecə avtobusun fəaliyyət göstərməməsi evə daha gec çatmağıma səbəb olur”.
Gecikmə ilə bağlı “BakuBus" MMC-nin mətbuat xidmətinin katibi Əsmər Əliyeva “İnformator.az”a açıqlamasında gecikmələrin pik saatlarda yaranan intervallarla bağlı olduğunu deyib:
“BakuBus” MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 7-8 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 16 avtobus hərəkət edir.
O qeyd edib ki, monitorinq mərkəzinin son bir həftəlik müşahidələrinə əsasən, 10 nömrəli marşrut üzrə avtobusların hərəkətində gecikmə qeydə alınmayıb:
“Lakin səhər və axşam pik saatlarında marşrutun keçdiyi Nazim Hikmət, Mikayıl Müşfiq küçəsi, Nərimanov heykəli ətrafı, Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi (hər iki istiqamət), Puşkin küçəsi, Yusif Səfərov küçəsi, Xocalı prospektinə dönüş hissəsi, Mehdi Mehdizadə küçəsi, 28 May küçəsi, Zərifə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətlərində nəqliyyat sıxlığı səbəbindən intervallar artır. Pik saatlarda yaranan intervallarla bağlı sərnişinlərdən anlayışlı olmaları xahiş olunur”.
Mövzu ilə bağlı digər aidiyyəti qurum - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucoğlu isə avtobusların fəaliyyətinin hərəkət intervalına uyğun tənzimləndiyini bildirib:
“Avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir. Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı və hərəkət cədvəli müəyyən olunur. Marşrutların iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, digərlərində isə 23:00- 23:30-a qədər davam edir. Daşıyıcılara sürücülərin cədvələ riayət etməsi və avtobusların vaxtından tez qaraja getməməsi barədə tapşırıq verilib”.
O, gecə avtobuslarının fəaliyyətinin yalnız “brutto müqavilə” tətbiq edildikdən sonra mümkün ola biləcəyini əlavə edib:
“Avtobusların gecə saatlarına qədər işləməsi məsələsi “brutto müqavilə”nin tətbiqindən sonra mümkün ola bilər. Hazırda bu istiqamətdə iş aparılır və müqavilənin tətbiqinə 2026-cı ildən başlanılacaq”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Zəri Bayramlı
